TƏKAMÜLÇÜ ALİMLƏRİN VƏ ATEİSTLƏRİN ZƏHMƏTLƏRİNİN HƏDƏR GETMƏSİNİ ANLADIQCA MƏYUS OLMALARI
Ümumiyyətlə, heç bir nəticəyə gətirib çıxarmayan səhv hipotezlər, tədqiqatlar və işlər təkamülçü alimlərin özləri üçün də son dərəcə üzücüdür. Onlar bütün ömürlərini sərf etdikləri tədqiqatların heç bir nəticə vermədiyini dərk etdikcə çox ciddi surətdə məyus olub ruhdan düşürlər. Axı elmi iş böyük fədakarlıq və intizam tələb edir. Gerçək nəticəni əldə edə bilməyəcəyini bildiyin halda, illər uzunu laboratoriyalarda müəyyən mövzuya dair təcrübə və müşahidələr aparmaq və sonda da sübut etmək istədiyinin tam ziddinə olan nəticə əldə etmək... Əlbəttə, bu cür yekunlar alimlərə son dərəcə mənfi təsir göstərir.
Görkəmli Amerika biokimyaçısı Maykl Behe mövzusu darvinizmin elmi əsassızlığı ilə bağlı olan "Darvinin qara qutusu: biokimya təkamülə meydan oxuyur" adlı kitabında təkamülçü alimlərin canlı hüceyrələrdəki layihənin mövcudluğu ilə əlaqədar keçirdiyi psixoloji sarsıntıların daha açıq-aydın olması barədə belə deyir:
"Son qırx ildə müasir biokimya hüceyrənin sirlərinin vacib hissəsini aşkar edib. Bunun üçün çox böyük əmək sərf edilmişdir. On minlərlə insan bu sirləri açmaq üçün öz həyatlarını laboratoriyalarda uzunmüddətli işlərə sərf etdilər. Hüceyrənin öyrənilməsi üçün sərf edilən səylər yeganə, son dərəcə aydın, az qala qışqıra-qışqıra danışan bir nəticəni verdi: "Layihə!" Bu nəticə o qədər aydındır ki, ona elm tarixində ən vacib kəşflərdən biri kimi baxılmalıdır... Bu böyük kəşf on minlərlə insanın müzəffər "Evrika!" qışqırıqları ilə bayram edilməlidir.
Ancaq heç bir bayram olmadı, heç bir sevinc ifadə edilmədi. Əksinə, hüceyrənin quruluşunda kəşf edilən böyük mürəkkəbliyə münasibətdə çaşqınlıq və təşviş içində sakitlik hökm sürürdü. Bu mövzu geniş kütlə qarşısında müzakirə ediləndə əksər alimlər özlərini son dərəcə narahat hiss edirlər. Onlar şəxsi söhbətlərdə yetərincə sakitdir: onların böyük bir hissəsi bu kəşfin həqiqiliyini etiraf edir, ancaq sonra gözlərini aşağı dikir, başlarını yelləyir və özlərini sanki heç nə baş verməyibmiş kimi aparmaqda davam edirlər. Yaxşı, bəs niyə belədir? Elm elə özünün kəşf etdiyi gerçəyi nə üçün qəbul etmir? Layihənin mövcudluğu aşkar edildikdə intellektuallar onu niyə haradasa periferiyada saxlayırlar? Çünki şüurlu planın etiraf edilməsi onları istər-istəməz Allah`ın mövcudluğunu etiraf etməyə məcbur edəcək".27
Bəzi təkamülçülər etiraf edirlər ki, elm depressiya keçirir. Məsələn, Britaniya Təbiət Tarixi Muzeyinin rəhbərlərindən biri, "Təkamül" əsərinin müəllifi, təkamülçü paleontoloq, doktor Kolin Patterson Nyu-Yorkda Təbiət Tarixi Muzeyinin açılışındakı məşhur çıxışında növbəti tarixi sözləri dedi:
"Sual belədir: siz mənə təkamül haqda tək bir şey deyə bilərsinizmi, ümu-miyyətlə isə, o, əslində, mövcuddurmu? Mən bu sualı bizim Təbiət Tarixi Muzeyinin bütün geoloji dəstəsinə verdim, cavab isə yalnız sükut oldu. Nəticədə, anladım ki, təkamülü mübahisəsiz həqiqət kimi qəbul edərək bütün ömrüm boyu özümü aldatdım".28
Patterson çıxışının davam etdirərək deyirdi:
"Mənim antitəkamül mövqeyinə keçməyimin səbəblərindən biri iyirmi il işlədiyim və öyrəndiyim mövzu haqda hələ heç nəyi aydınlaşdıra bilməməyimin mənə təsiri ilə bağlıdır. İnsanın bu böyük müddət ərzində yanlış istiqamətdə getməsini dərk etməsi çox güclü sarsıntıdır".29
Məşhur təkamülçü botanik, Lund Universitetinin professoru N.Herbert Nilsson ömrünün qırx ilini itirdiyini etiraf edib. O, deyir: "Mənim təcrübə yolu ilə təkamülü sübut etmək üçün qırx il atdığım addımlar uğursuzluqla başa çatdı".30
Bu insan etirafları elmin yanlış nəzəriyyəyə bağlılığının gətirib çıxardığı itkilərin göstəricisidir. Təkamül adlanan boş uydurma üçün on illər ərzində minlərlə alimin idrakı, zamanı, enerji və əməyi, minlərlə laboratoriyaların və onların əməkdaşlarının xeyli maddi vəsaitləri sərf edilir.
Ən maraqlısı budur ki, tək müasir təkamülçülər deyil, hətta nəzəriyyənin atası Çarlz Darvin özü də tez-tez: "Bu, yalnız boş yerə zaman itkisi olmaz ki?!" və nəticədə: "Tam məyusluğa gətirib çıxarmaz ki?!" - deyə öz şübhələrini ifadə edirdi. Darvin öz məqalələrində və dostlarına məktublarında bu suallara dair narahatlığını tez-tez bildirirdi. Məsələn, o, etiraf edirdi ki, təbiətdə bu nəzəriyyəni dəstəkləyən heç bir dəlil tapılmayıb. Darvin deyirdi: "Bütün təbiət, həqiqətən də, tərs və inadkardır və mənim istədiyimin heç birini etmir".31
Darvinin üzündən oxunan inamsızlığı onun növbəti ifadəsindən də görünür: "Bu işləri (növlərin yaranması haqda nəzəriyyəni tərtib etmək üçün aparılan tədqiqatları) görərkən mən daima ona şübhə edirəm ki, görəsən, onlar mənim sərf etdiyim zamana dəyirmi?".32
Aydın olduğu kimi, yalnız ideoloji düşüncələrə görə iddia edilən və həqiqətə uyğun olmayan nəzəriyyə öz tərəfdarlarına əzablar verir və onları mənəvi iflasa gətirib çıxarır. Bütün bunlar elmin düçar edildiyi yanlış xəttin nəticəsidir.