ATMOSFERİN QATLARI
Kainat haqda məlumatların yer aldığı Quran ayələrində xüsusən göy qübbəsinin yeddi qatının olmasından danışılır.
Quranda "göy" sözündən həm bütün kainatı, həm də planetin göyünü ifadə etmək üçün istifadə edilir. Bu sözün ikinci mənasına nəzər yetirsək, "Yerin göyü" alınır, yəni atmosfer yeddi qatdan ibarətdir.
Bu gün isə məlumdur ki, Yer atmosferinin bir-birinin üzərində yerləşən bir neçə müxtəlif qatı var. Bundan əlavə, Quranda da qeyd edildiyi kimi, göy yeddi əsas qatdan ibarətdir...
Elmi mənbələrin birində bu məsələ belə işıqlandırılır:
"Alimlər aşkar ediblər ki, atmosfer bir neçə qatdan ibarətdir. Qatlar bir-birindən əmələ gəldikləri qazların tərkibinə və onlarda olan təzyiq kimi fiziki xarakteristikalara görə fərqlənirlər... Yerə ən yaxın olan atmosfer təbəqəsi TROPOSFERDİR. Troposfer atmosferin ümumi kütləsinin 90 faizini təşkil edir. Troposferdən yuxarıda yerləşən təbəqə STRATOSFERDİR. Stratosferin içində olan və ultrabənövşəyi şüaları udan qat OZONOSFER adlanır. Stratosferin üstündə MEZOSFER, onun üzərində isə TERMOSFER qatları yerləşir. Termosferdəki ionlaşmış qazlar İONOSFERİ əmələ gətirir. Yer atmosferinin ən uzaq xarici qatı isə Yer səviyyəsindən 450 km-dən 960 km hündürlüyə qədər uzanan EKZOSFERDİR".46
Əgər biz adıçəkilən qatları saysaq, Quranda da qeyd edildiyi kimi, atmosferin yeddi qatdan ibarət olduğunu görərik:
1. TROPOSFER
2. STRATOSFER
3. OZONOSFER
4. MEZOSFER
5. TERMOSFER
6. İONOSFER
7. EKZOSFER
Bu mövzu ilə bağlı başqa qəribə hal odur ki, "Fussilət" surəsinin 12-ci ayəsində deyilir:
"O, hər bir göyün işini özünə vəhy edib bildirdi".
Yəni Allah bizə bildirir ki, hər atmosfer qatına müəyyən tapşırıq verilmişdir. Həqiqətən, əvvəlki bölümlərdə də gördüyümüz kimi, adı çəkilən hər qatın Yer üzündəki bütün canlılara, o cümlədən insana da gətirdikləri fayda nöqteyi-nəzərindən öz vacib funksiyaları var. Hər bir atmosfer qatı yağış əmələ gətirilməsindəki iştirakından şüaların keçməsini qorumağa qədər, radiodalğaların əks etdirilməsindən meteoritlərin zərərsizləşdirilməsinə qədər öz üzərinə düşən tapşırıqları yerinə yetirir.
Böyük möcüzə də bundadır ki, müasir texnologiyanın köməyi olmadan əldə etməyin mümkün olmadığı bu bilgilər 1400 il əvvəl nazil edilmiş Quranda bizə açıq şəkildə bildirilir...