QURANIN ELMİ MÖCÜZƏLƏRİ
On dörd il əvvəl Allah insanlar üçün bələdçi Kitab - Qurani-kərimi göndərib. O, bütün bəşəriyyəti onun ardınca gedərək xilas olmağa çağırdı. Quranın göndərildiyi gündən Qiyamət gününə qədər bu Son İlahi vəhyin insanlar üçün yeganə bələdçi olması əmr edilib.
Quranın müqayisəyəgəlməz üslubu və ondakı yüksək müdriklik onun bizim qarşımızda Yaradanın sözü olmasının aşkar və mübahisəsiz sübutudur. Bundan əlavə, Quran onu Allah`ın göndərdiyini təsdiq edən xeyli möcüzəvi dəyərlərə malikdir. Bu faktlardan biri odur ki, XX əsrdə texnologiyanın köməyi ilə kəşf edilən bəzi elmi həqiqətlər haqda Quranda 1400 il bundan əvvəl xəbər verilmişdir.
Əlbəttə, Quran fizika, biologiya və s. üzrə məqalələr toplusu deyil. Ancaq alimlər onun müxtəlif ayələrində son dərəcə böyük məharətlə və dəqiq heca ilə yazılmış bəzi elmi həqiqətləri yalnız yaxın zamanlarda kəşf ediblər. Quranın nazil olunduğu dövrdə elmi üsullarla əldə edilə bilməyən bu bilgilər bizim dövrün insanlarına bir daha sübut edir ki, Quran uca və qüdrətli Allah`ın sözüdür.
Quranın elmi möcüzələrinin mahiyyətini anlamaq üçün bu İlahi Kitabın nazil olunduğu dövrün təkcə bilik səviyyəsinə nəzər salmaq gərəkdir.
Quranın göndərildiyi VII əsrdə ərəblərin elm haqda çox dolaşıq və dumanlı təsəvvürləri var idi və bu təsəvvürlər xurafatların və dildən-dilə ötürülən hər cür uydurmanın məngənəsində idi. Təbiəti və kainatı dərk etmək üçün heç bir texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən rəvayətlərə inanırdılar. Məsələn, belə hesab edilirdi ki, göy dağların sayəsində yuxarıda dayanır. Bu inanca görə, Yer düz səthə malik idi və onun kənarlarında hündür qayalar dururdu. Buna uyğun olaraq hesab edilirdi ki, onlar dirək kimi göy günbəzini saxlayırlar. Ancaq bütün bu yanlış fərziyyələr Qurandan sonra yox oldular.
"Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız!" (Rəd surəsi, 2)
Bu ayə göyü dağların saxladığına dair inamı darmadağın etdi.
Bundan əlavə, o zaman insanlara əsla məlum olmayan buna bənzər xeyli həqiqətlər xəbər verilmişdi. İnsanların fizika, astronomiya, biologiya sahəsində cüzi bilgiləri olduğu zaman göndərilən Quran özündə elmin müxtəlif sahələri üzrə əsas məlumatları toplayırdı: kainatın yaradılmasından insanın yaradılmasına qədər, atmosferin quruluşundan Yerdə olan tarazlığa qədər.
İndi isə Quranın elmi möcüzələrinin bir hissəsini ətraflı şəkildə nəzərdən keçirək.