SÜMÜKLƏRİN ƏZƏLƏ İLƏ ÖRTÜLMƏSİ


Quran ayələri ilə çatdırılan digər bir mühüm məlumat isə insanın ana bətnindəki əmələgəlmə prosesinin mərhələləri ilə bağlıdır. Ayələrdə körpənin ana bətnində, əvvəlcə, sümüklərinin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtüb sarıması xəbər verilir: "Sonra nütfəni ələqə çevirdik, sonra laxtalanmış qanı (ələqi) bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur". (Muminin surəsi, 14)

Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə lap elə yaxın zamanlara qədər belə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar uzun zaman bu ayələrin elmlə düz gəlmədiyini iddia ediblər. Ancaq inkişaf etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının nöqsansız şəkildə doğru olduğunu ortaya qoydu. Bu mikroskopik araşdırmalar da göstərdi ki, dölün ana bətnindəki inkişafı prosesi məhz ayələrdə izah edildiyi şəkildə, məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir! Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edir.

Bu proses "Developinq human" ("İnkişaf edən insan") adlı elmi jurnalda belə izah edilir: "6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər yaranmağa davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır".50

Qısası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə tam uyğunluq və harmoniya içindədir.