Atomun yaranması


Hədsiz hüdudlarıyla insan ağılının qavramaqda çətinlik çəkdiyi kainat yarandığı ilk andan etibarən həssas tarazlıq və nizam içində qüsursuz şəkildə varlığını davam etdirir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, nizam və tarazlığı təmin edən qanunların necə çalışdığı bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. Kainatdakı nizamı, dizaynı ağıl və vicdanlarıyla dəyərləndirən elm adamlarına onun yaranması ilə bağlı sualları cavablandırmaq çətin olmayıb. Çünki düşünən və dərk edən insan üçün bu qüsursuz dizaynın bütün kainata hakim olan Allah tərəfindən yaradıldığı gözlər önünə sərilmiş aşkar bir həqiqətdir. Allah bu gerçəkliyi Quranda belə bildirib:

“Həqiqətən, göylərin və yerin yaradılması, gecəylə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün dəlillərdir”. (Ali-İmran surəsi, 190)

Fəqət yaradılış dəlillərinə göz yummağa çalışan elm adamları illərdir ki, ardı-arası kəsilməyən bu suallara cavab verməkdə çətinlik çəkirlər. Elmi gerçəklərə tamamilə zidd olan boş nəzəriyyələrini qorumaq üçün onlar, hətta demaqogiyaya, saxta dəlillərə əl atmaqdan da çəkinmirlər. Amma 21-ci əsrdə elmin inkişafı bir həqiqətə işarə edir: kainat üstün bir güc və sonsuz elm sahibi olan Allah tərəfindən yoxdan var edilib.

Kainatın yaradılışı

Devid Filkinin (David Filkin) «Sterhen Nawking's Universe» adlı kitabında həmin məsələ belə şərh edilib:

İnsanlar yüz illərdir ki, “kainat necə yarandı?” sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model düşünülüb. Lakin bu nəzəriyyələr incələndikdə bəlli olur ki, hamısı təməldə iki modeldən birinin üzərində qurulub. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan “sonsuz kainat”, ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan “böyük partlayış” modelidir. Birinci model kainatın nə başlanğıcının və nə də sonunun olduğunu, ikincisi isə, əksinə, böyük bir partlayış nəticəsində yarandığını və dayanmadan genişləndiyini nəzərdə tutur. Artıq qüvvəsini itirmiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də indiki kimi qalacağını nəzərdə tutur. Bu nəzəriyyə qədim Yunanıstanda yaranmış, daha sonra Avropa intibahı dönəmində yenidən gündəmə gəlmiş, materialist fəlsəfənin əsasını təşkil etmişdi. Əslində, intibah elə qədim yunan filosoflarını incələmək üzərində qurulmuşdu.

Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi həqiqət kimi insanlara təqdim olundu. Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırıb təkmilləşdirmişdilər. Həm də, bu səbəbdən, “sonsuz kainat” ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə, kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Guya kainatın durğun (statik) bir quruluşu var. Halbuki, elmin inkişafı nəticəsində əldə olunan bilgilər bu nəzəriyyənin daşını daş üstündə qoymadı. Bəlli oldu ki, kainat sonsuz deyil, əvvəli olduğu kimi, sonu da olacaq.

Kainatın sonsuzluğu fikri həmişə dinsizliyin və Allah`ı inkar edən ideologiyaların dayaq nöqtəsi olub. Çünki kainatın başlanğıc və sonunun olmaması haqda müddəalar, eyni zamanda, onu yaradanın da olmaması fikrinə gətirib çıxarırdı. Amma elmin inkişafı materialistlərin bu iddiaların əsli olmadığını sübut edərək, kainatın “böyük partlayış” adlandırılan proses nəticəsində yoxdan var edildiyini əsaslı arqumentlərlə ortaya qoydu. Yoxdan var edilmənin isə tək bir adı vardı: yaradılış! Yəni bütün kainat sonsuz qüdrət sahibi olan Allah tərəfindən yaradılıb.

Məşhur ingilis astronomu Fred Hoyl (Sir Fred Noyle) da bu nəzəriyyədən narahat olanlardan biri idi. Hoyl “Steady-state” (sabit vəziyyət) adlı nəzəriyyə ilə kainatın genişləndiyini qəbul etməklə yanaşı, onun məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə lazımi miqdarda maddə birdən-birə, öz-özünə var olmağa başlayır. “Sonsuz kainat” fikrini dəstəkləmək üçün son dərəcə qəliz və ağlasığmaz açıqlamalarla ortaya atılan bu nəzəriyyə elmi olaraq sübut olunan “böyük partlayış” modelinə tamamilə ziddir. Onlar bu gerçəyə qarşı dirənməyə davam etdilər, amma elmi kəşflər gec-tez hamıya qalib gəlirdi.

Kainatın genişlənməsi və “Big Bang” həqiqəti

XX əsrdə astronomiya elmi xeyli inkişaf etdi. Öncə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın durğun (statistik) quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin nəzəriyyələrinə əsaslanan Fridman hesabladı ki, kainat hərəkətdədir və bu hərəkət genişlənmə, yaxud yığılma ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk adam isə Belçikanın ən tanınmış alimi Corc Lemetr (Georges Lemaitre) oldu. Lemetr dəqiqləşdirdi ki, kainatın bir başlanğıcı olub və həmin başlanğıcdan bu günə fasiləsiz şəkildə genişlənir. Belçikalı alimin fikirlərindəki digər önəmli məqam isə o idi ki, həmin başlanğıc anındakı partlayışdan “artıq” qalan bir radiasiya olmalıydı və bu, hesablana bilərdi. Lemetr əvvəlcə elmi dairələrdə ciddi qarşılanmayan və dəstək almayan bu fikirlərin doğruluğuna əmin idi. Çünki kainatın genişlənməkdə olmasına dair başqa arqumentlər də bir-bir ortaya çıxırdı.

Bu arada Edvin Habl (Edwin Hubble) adlı bir amerikalı astronom düzəltdiyi nəhəng teleskopla səmanı incələyərkən ulduzların uzaqlaşmaları ilə bağlı olaraq qırmızımtıl işıq yaydıqlarını üzə çıxardı. O, Kaliforniyadakı Mount Vilson (Mount Wilson) rəsədxanasındakı bu kəşfi ilə sabit kainat nəzəriyyəsini ortaya atan və illərlə dəstəkləyən bütün elm adamlarına meydan oxuyaraq həmin təsəvvürləri kökündən sarsıtdı. Hablın kəşfi göstərirdi ki, müşahidənin aparıldığı nöqtəyə doğru yaxınlaşan işıq spektrləri bənövşəyi rəngə doğru, uzaqlaşan işıq spektrləri isə qırmızı rəngə doğru dəyişir. Yəni Kaliforniyadakı Mount Vilson rəsədxanasından izlənən ulduzlar dünyamızdan uzaqlaşmaqda idilər. Məntiqi olaraq başa düşmək çətin deyil ki, ulduzlar təkcə bizdən yox, həm də bir-birlərindən uzaqlaşırlar. Devid Filkinin (David Filkin) “Sterhen Nawking’s Universe” adlı kitabında həmin məsələ belə şərh edilib:

- Heç iki il keçmədi ki, Lemetr gözləmədiyi bir xəbər aldı. Habl qalaktikalardan gələn işığın spektrinin qırmızıya doğru dəyişdiyini aşkarlamışdı, bu isə Doppler effektinə görə, elə kainatın genişlənməsi deməkdir. Artıq hər şey sadəcə zamana bağlıydı. Eynşteyn Hablın çalışmalarıyla ilgilənirdi və Mount Vilson rəsədxanasında onunla görüşmək fikrinə düşmüşdü. Eyni zamanda, Lemetr da Kaliforniya Texnoloji İnstitutunda konfrans keçirmək qərarına gəldi və Eynşteynlə Hablı görüşdürməyi bacardı. Özünün “ilk atom” ideyasını danışaraq, kainatın dünəni olmayan bir gündə yaradıldığını söylədi. Bütün lazımi riyazi hesablamaları artıq aparmışdı. Lematr sözünü bitirəndə qulaqlarına inana bilmədi. Çünki Eynşteyn ayağa qalxıb bu fikirlərin indiyə qədər eşitdiyi ən gözəl və qaneedici şərh olduğunu etiraf edərək, kainatı sabit və dayanıqlı təsəvvür etməyin bəşəriyyətin ən böyük xətası olduğunu etiraf etdi.1

Bəli, dünyanın ən dahi alimlərindən olan Eynşteyni ayağa qaldıran gerçək kainatın başlanğıcı olması fikri idi...

Kainatın genişlənməsi ilə bağlı faktlar artdıqca yeni iddiaların da ardı-arası kəsilmirdi. Bu gerçəyi əsas tutaraq yola çıxan elm adamları Lematrın dediyi kimi, zamanı geriyə fırladanda getdikcə kiçilən, sonunda nöqtə boyda qalan kainat modeli ilə qarşılaşdılar. Riyazi hesablamalar bütün kainatdakı maddənin qaynağı olan bu nöqtənin çox qüvvətli cazibə qüvvəsi səbəbindən sıfır həcmə sahib olacağını göstərdi. Demək, kainat sıfır həcmə malik bir nöqtənin partlayışıyla ortaya çıxmışdı. Bu partlayışa “Big Bang” (böyük partlayış) adı verildi.

Böyük partlayışın göstərdiyi önəmli bir gerçək vardı: sıfır həcm yoxluq demək olduğuna görə, kainat yoxdan var olub. Bu isə kainatın bir başlanğıcının olduğunu göstərir! Beləliklə, materializmin “kainat əzəli və əbədidir” iddiası darmadağın edildi.

Böyük partlayışın dəlilləri

Kainatın böyük bir partlayış nəticəsində yaranmağa başlaması həqiqəti təsdiq olunandan sonra astrofiziklər bu yöndə araşdırmalarını sürətləndirdilər. Corc Qamova (George Gamov) görə, əgər kainat partlayış nəticəsində yaranıbsa, demək, həmin partlayışdan sonra artıq qalan radiasiya fəzaya dağılmalıdır. Bu versiyanın yayıldığı illərdə bütün elmi tapıntılar böyük partlayışı təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. 1965-ci ildə Arno Penzias (Arno Penzias) və Robert Uilson (Robert Wilson) adlı iki araşdırmaçı həmin radiasiya dalğalarını kəşf etdilər. “Kosmik fon radiasiyası” adı verilən bu radiasiya fəzadakı bəlli bir qaynaqdan yayılan digər radiasiyalardan fərqlənirdi. Başqa sözlə desək, konkret mənbəyi yox idi, bütün kainata yayılmışdı. Beləliklə, uzun müddətdir kainatın hər yerində bərabər ölçüdə istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın böyük partlayışın ilk zamanlarından qaldığı ortaya çıxdı. Üstəlik, bu rəqəm elm adamlarının öncədən təxmin etdikləri rəqəmə çox yaxın idi. Penzias və Uilson böyük partlayışı təcrübə yolu ilə sübut edən ilk alimlər olduqları üçün Nobel mükafatına layiq görüldülər.

Bir müddət sonra isə Corc Smut (George Smoot) və onun NASA-dakı komandası kosmosa göndərilən COBE süni peyki vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində Penziasla Uilsonun ölçmələrinin doğru olduğunu təsdiqlədilər. Peykdəki həssas cihazların göstəriciləri böyük partlayışın həqiqət olduğunu bir daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar böyük partlayışın ilk anlarındakı hərarət və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər. Beləcə, COBE böyük partlayışın həqiqət olduğunu aşkar dəlillərlə ortaya qoymuşdu və elmi çevrələr artıq bu açıq həqiqəti etiraf etmək məcburiyyətində idilər.

Bir başqa dəlil isə fəzadakı hidrogen və helium qazlarının miqdarının hesablanması zamanı ortaya çıxdı. Belə ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti böyük partlayışdan artıq qalan hidrogen-helium nisbətinin nəzəri göstəricilərinə son dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması böyük partlayışın elm aləmində tam qəbul olunmasıyla nəticələndi. Məşhur elmi jurnal olan “Scientific American” 1994-cü ilin oktyabrında “Big Bang” modelinin “əsrimizin qəbul olunmuş yeganə modeli” olduğunu yazmışdı.

Uzun illər boyu hüdudsuz kainat modelini dəstəkləmiş alimlər də bir-birinin ardınca etiraflar edirdilər. Fred Hoyl ilə birlikdə uzun müddət sabit kainat nəzəriyyəsini müdafiə edən Dennis Skiama (Dennis Sciama) böyük partlayış həqiqəti qarşısında düşdüyü aciz vəziyyəti belə danışmışdı:

- Bir zamanlar “sabit kainat” nəzəriyyəsini müdafiə edənlərlə ona qarşı çıxanların arasında çox sərt çəkişmə vardı. Çoxları kimi mən də inandığım üçün deyil, gerçək olmasını istədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim. Modelin yanlışlığını göstərən dəlillər ortaya çıxdıqca həm mən, həm də Fred Hoyl onlara necə cavab verəcəyimizi bilmirdik. Amma dəlillər çoxalınca artıq oyun bitdi və “sabit durum” nəzəriyyəsini bir tərəfə atdıq.2

Allah kainatı yoxdan yaradıb

Beləliklə, elm inkişaf etdikcə ortaya çıxardığı dəlillər “sabit kainat” nəzəriyyəsini tarixə çevirdi. Bunun ardınca isə daha önəmli suallar meydana çıxmağa başladı ki, onların da ən çox soruşulanı “böyük partlayışdan əvvəl nə var idi?” sualıdır.

“Böyük partlayışdan öncə nə var idi?” sualının bir cavabı vardır: yerləri və göyləri böyük bir nizamla yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb-inanmamağından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, məşhur ateist filosof Antoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək bunları bildirir:

- Mən də bir etiraf edəcəyəm, ateizm baxımından “Big Bang” modeli olduqca xoşagəlməzdir. Çünki elm faktiki olaraq dinin iddiasını sübuta yetirdi ki, kainatın bir başlanğıcı var. Mən hələ də ateizmə inanıram, amma etiraf edim ki, “Big Bang”in qarşısında ateizmi müdafiə etmək olduqca çətindir.3

İngilis materialist, fizik H.P.Lipson kimi bəzi elm adamları isə “Big Bang” nəzəriyyəsini istər-istəməz qəbul etmək məcburiyyətində olduqlarını etiraf edirlər:

- Məncə, bu nöqtədən daha da irəliyə getmək və yeganə izahın yaradılış olmasıyla razılaşmağa məcburuq. Bunun özüm də daxil olmaqla, əksər fiziklər üçün son dərəcə xoşagəlməz və hətta ağır olduğunun fərqindəyəm, amma əgər təcrübəylə əldə olunmuş faktlar bir nəzəriyyəni doğrulayırsa, xoşumuza gəldi-gəlmədi, onunla razılaşmalıyıq.4

Nəticədə, istəyib-istəməsələr də, elm materialist alimlərin qarşısına tək həqiqəti qoyur: maddə və zaman sonsuz güc sahibi olan, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz yaradan Yaradıcı, hər şeyə qadir olan Allah tərəfindən yaradılıb.

“Yeddi göyü və bir o qədər də yeri yaradan Allah`dır. Allah`ın hər şeyə qadir olduğunu, hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allah`ın əmri onların arasında nazil olar”. (Talaq surəsi, 12)

Quranın işarələri

“Big Bang” modeli bəşəriyyətin kainatı tanımasına yardımçı olmaqla yanaşı, çox önəmli bir funksiyanı da gerçəkləşdirdi. Öncəki səhifələrdə sitat gətirdiyimiz ateist filosof Antoni Flunun dediyi kimi, “Bing Bang”lə birlikdə elm dinin iddiasını sübuta yetirdi. Dini qaynaqların irəli sürdüyü bu gerçək kainatın yoxdan yaradılmasıdır. Bu, elmin kəşfindən minlərlə il öncə Allah`ın insanlara yol göstərmək üçün göndərdiyi müqəddəs kitablarda yazılıb. Tövrat, İncil və Quran kimi İlahi kitabların hər birində kainatın və bütünlükdə maddənin Allah tərəfindən yaradıldığı xəbər verilib.

Bu İlahi qaynaqlar arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması ilə bağlı bilgilər verilib. 14 əsr öncə vəhy edilən bu bilgilər XX əsrin elmi məlumatları ilə tamamilə uyğun gəlir.

Hər şeydən əvvəl kainatın yox ikən var edilməsi Quranda belə xəbər verilir:

“O, göyləri və yeri (yoxdan) var edəndir”.(Ənam surəsi, 101)

Bundan 14 əsr əvvəl, insanların kainatla bağlı bilgiləri son dərəcə məhdud olan zamanlarda Quranda bildirilən bir başqa gerçək isə eynilə “Big Bang” nəzəriyyəsinin önə çəkdiyi kimi, bütün kainatın çox kiçik həcmdə bir yerdən ayrılıb genişlənməklə ortaya çıxmasıdır:

“Məgər kafir olanlar göylə yer bir-birinə bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?”(Ənbiya surəsi, 30)

Bu ayənin ərəbcə orijinalında çox önəmli kəlmə seçimi var. Ayənin “bir-birinə bitişik ikən” şəklində tərcümə edilən “ratk” kəlməsi ərəbcə lüğətlərdə “bir-biri ilə iç-içə, ayrılmaz halda, qaynayıb-qarışmış” mənasını verir. Yəni tam bir bütün halında olan iki maddəni anlatmaq üçün işlədilir. Ayədəki “ayırdıq” ifadəsi isə ərəbcə “fatk” feilidir ki, bu da “ratk” halındakı bir nəsnəni yarıb, parçalamaq anlamına gəlir. Məsələn, toxumun cücərərək, torpağı yarıb çıxması bu feillə ifadə edilir.

Bunu biləndən sonra yenidən ayəyə baxaq. Orada göylə yerin “ratk” durumunda olduğundan bəhs edilir. Ardınca isə bildirilir ki, onlar “fatk” feili ilə ayrılıblar. Yəni biri digərini yararaq kənara çıxıb. Həqiqətən də, böyük partlayışın ilk anını xəyalımızda canlandıranda “kosmik yumurta” deyilən nöqtənin (gələcək) kainatın bütün maddəsini içinə aldığını görürük. Yəni hər şey, başqa sözlə, “göylər və yer” bu nöqtənin içində “ratk” halındadırlar. Ardınca həmin “kosmik yumurta” şiddətlə partlayıb, bu yolla maddələr “fatk” olub - yəni yumurtanı yarıb çölə çıxaraq, bütün kainatı əmələ gətiriblər.

Quranda bildirilən bir başqa həqiqət isə elm tərəfindən ancaq 1920-ci illərin sonlarında bilinən kainatın genişlənməsi faktıdır. Bir qədər əvvəl bəhs etdiyimiz kimi, ilk dəfə Hablın ulduzların işıq spektrinin qırmızıya doğru dəyişməsinə əsaslanaraq kəşf etdiyi bu həqiqət Quranda belə təsvir olunub:

“Biz göyü qüdrətimizlə yaratdıq və şübhəsiz, Biz onu genişləndirməkdəyik”.(Zariyat surəsi, 47)

Qısası, çağdaş elmin kəşfləri bir yandan materializmin ehkamlarını darmadağın edərkən, digər yandan Quran ayələrində xəbər verilən gerçəkləri bir daha təsdiqləyir. Çünki kainat materialistlərin sandığı kimi, maddi dünyadakı təsadüflərlə deyil, Allah`ın qüdrəti ilə yaradılıb və Allah`dan gələn bilgi şübhəsiz ki, kainatın yaradılışı haqqında ən dolğun bilgidir.

Maddənin anbaan yaradılışı

“Big Bang” nəzəriyyəsinin də göstərdiyi kimi, Allah kainatı yoxdan var edib. Bu böyük partlayış hər cəhətdən insanı düşündürən, təsadüflərlə izah edilməyəcək incə təfərrüatlarla və detallarla doludur.

Partlayışın hər anındakı istilik, atomların sayı, o anda təsir göstərən qüvvələr və bu qüvvələrin şiddəti çox həssas göstəricilərə malik olmalıdırlar. Bu göstəricilərdən yalnız biri uyğun gəlməsəydi, bu gün içində yaşadığımız kainat var olmazdı. Həmin amillərin hər hansı birinin dəyəri, hətta sıfıra yaxın bir həddə dəyişsəydi belə, kainatın yaranma prosesi pozula bilərdi.

Qısası, kainat və onun əsası olan atomlar böyük partlayış anından dərhal sonra Allah`ın yaratdığı bu tarazlıqlar sayəsində yoxdan var olmağa başlayıb. Elm adamları bu proses zamanı meydana gələn mükəmməl fiziki qaydaların və ölçülərin nizamını (sistemini) anlamaq üçün xeyli cəhd göstəriblər. Bu gün həmin istiqamətdə çalışan alimlərin qəbul etdikləri gerçəklər bunlardır:

“0” anı: nə maddənin, nə də zamanın mövcud olduğu və partlayışın baş verdiyi bu an fizikada t = 0 anı olaraq qəbul edilir. Yəni t = 0 anında heç bir şey yoxdur. Yaradılışın başladığı bu andan öncəni anlamaq və təsvir etmək üçün o dönəmdə mövcud olan fiziki qanunları (təbiət qanunlarını) bilməliyik. Çünki hazırkı fiziki qanunlar o vaxt əsaslı olmayıb.

Fizikanın dərk edə bilmədiyi hadisələr ən kiçik zaman aralığı olan 10-43 saniyədən etibarən başlayır. Bu, insan ağlının əsla qavraya bilməyəcəyi bir zaman kəsiyidir. Bəs hətta təsəvvürümüzə belə gətirə bilmədiyimiz bu zaman aralığında nələr olub? Fiziklər bu günə qədər həmin anda baş verə biləcək prosesləri bütün detalları ilə açıqlayan bir nəzəriyyə ortaya çıxarmağı bacarmayıblar.5

Çünki hesablama aparmaq üçün tələb olunan faktlar yoxdur. Riyazi və fiziki qayda-qanunlar bu nöqtədən o yana keçə bilmirlər. Yəni hər bir detalı çox həssas nizamla qurulmuş bu partlayışın öncəsi də, onun ilk anları da müasir elmin və insan beyninin qavrayış gücünün xaricindədir. Zamanın olmadığı bir andan başlayan bu yaradılış anbaan maddənin və fiziki qanunların ortaya çıxmasını təmin edib.

İndi isə bu partlayış zamanı çox qısa bir müddətdə böyük dəqiqlik və həssaslıqla meydana gələn hadisələrə nəzər salaq. Əvvəl də dediyimiz kimi, fizikada hər şey 10-43 saniyə sonradan etibarən hesablana bilir və ancaq bu andan sonra enerji və zaman qeydə alınır. Yaradılışın bu anında temperatur 1032

(100.000.000.000.000.000.000.000.000.000.000) dərəcə olub. Müqayisə etsək, günəşin hərarəti milyon (108), günəşdən çox böyük ulduzların istiliyi isə milyard dərəcələrlə (1011) ifadə edilir. Və indiyə qədər təsbit olunmuş ən yüksək hərarətin milyardlarla dərəcə həddində olduğunu nəzərə alsaq, 10-43 anındakı temperaturun nə dərəcədə yüksək olduğunu müqayisə etmək mümkündür.

10-43 saniyəlik bu dövrdən bir pillə irəli gedib, saniyənin 10-37 olduğu zamana gələk. Bu iki müddət arasındakı zaman fərqi bir-iki saniyə kimi deyil, saniyənin katrilyon dəfə katrilyonda biri qədərdir! Bu anda hərarət yenə də fövqəladə yüksək olub 1029(100.000.000.-000.000.000.000.000. 000.000)0C dəyərindədir. Bu pillədə hələ atomlar yaradılmayıb.6

Bir addım daha atıb 10-2 saniyəlik zamana gələk. Bu dövr saniyənin yüzdə biri qədərdir. Burada artıq ilkin kainat formalaşmağa başlayıb. Atom nüvəsini əmələ gətirən proton və neytron kimi zərrəciklər hələ yoxdur. Ortada sadəcə elektron və onun əksi olan pozitronlar var. Çünki kainatın o andakı hərarət və sürəti yalnız bu zərrəciklərin yaranmasına imkan verir. Partlayışdan bir saniyə belə keçməmiş artıq elektron və pozitronlar yaranıb! Bu məqamdan sonra yaranacaq hər atom zərrəciyinin məhz hansı anda ortaya çıxacağı çox önəmlidir. Çünki mövcud fiziki qanunların formalaşması üçün hər bir zərrəcik xüsusi anda ortaya çıxmalıdır. Hansının öncə, hansının sonra yaranacağı çox mühümdür. Bu ardıcıllıq hətta ən kiçik bir şəkildə pozulsaydı belə, indiki kainat formalaşa bilməzdi...

Burada dayanıb bir az düşünək.

“Big Bang” nəzəriyyəsi kainatı əmələ gətirən bütün maddənin yoxdan ortaya çıxdığını göstərməklə Allah`ın varlığına aid bir dəlil göstərdi. Amma məsələ bununla bitmədi, böyük partlayışın ardından heç bir saniyə belə keçməmiş atom zərrəciklərinin də yoxdan var edildiyi bəlli oldu. Bu zərrəciklərin sahib olduğu həssas nizam və tarazlığa diqqət etmək lazımdır. Qarşıdakı səhifələrdə incəliklərinə qədər anladacağımız bu tarazlıq sayəsində kainat bu günkü vəziyyətindədir və biz də rahat yaşaya bilirik. Qısası, böyük bir qarışıqlıq və xaos yaratması gözlənilən partlayışın ardınca mükəmməl nizam, bizim “fizika qanunları” adlandırdığımız dəyişməz qanunlar ortaya çıxdı. Bu isə böyük partlayış da daxil olmaqla, kainatın yaradılışından etibarən hər an qüsursuz şəkildə nizamlandığını və idarə olunduğunu göstərir.

İndi isə prosesin inkişafını qaldığımız yerdən izləməyə davam edək. Bir pillə sonraya - partlayışdan 10-1 saniyənin keçdiyi ana gələk. Burada hərarət 30 milyard dərəcədir. T=0 anından bura qədər hələ 1 saniyə də keçməyib. Ancaq atomun digər zərrəcikləri olan neytron və protonlar artıq müəyyənləşməyə başlayıb. Sonrakı bölümlərdə qüsursuz yaradılışlarını incələyəcəyimiz neytron və protonlar, beləcə, bir andan da qısa müddət ərzində yoxdan var edilib.

Partlayışdan sonrakı 1-ci saniyəyə gələk. Həmin andakı maddənin sıxlığına nəzər salanda son dərəcə fövqəladə bir rəqəmlə rastlaşırıq. Hesablamalara görə, o zamankı mövcud kütlənin sıxlığı 3,8 milyard kq/litrdir. Bu rəqəmi riyazi şəkildə kağızda göstərmək asan olsa da, tam qavramaq mümkün deyil. Onun nə qədər böyük olduğunu daha asan şəkildə başa salmaq üçün belə bir misal gətirək: əgər Everest zirvəsi bu sıxlığa sahib olsaydı, onun cazibə qüvvəsi Yer kürəsini bir anda udardı.7

“Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allah`a səcdə etdiyini görmürsənmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allah`ın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər!”(Həcc surəsi, 18)

Daha sonrakı zaman kəsiyinin ən əsas xüsusiyyəti isə istiliyin xeyli azalmasıdır. Kainat təxminən 14 saniyəlik ömrə sahib olanda temperaturu 3 milyard dərəcəyə düşüb, özü isə çox böyük sürətlə genişlənməkdə davam edib. Hidrogen və heliumda olduğu kimi, dayanıqlı atom nüvələri də məhz bu zaman formalaşıb. Yəni protonla neytronun ilk dəfə bir araya gəlməsi üçün şərait yaranıb. Kütlələri var ilə yox arasında olan bu iki zərrəcik fövqəladə cazibə yaradaraq böyük yayılma sürətinə qarşı gəlməyə başlayıblar.

Göründüyü kimi, son dərəcə həssas şəkildə planlaşdırılmış və nəzarət olunan prosesin getdiyi bəllidir. Ağlasığmaz partlayışın ardınca həssas nizam və tarazlıq yaranır. Protonlar və neytronlar bir araya gələrək, maddənin əsası olan atomu formalaşdırmağa başlayır. Həmin zərrəciklərin özləri, təbii ki, birləşərək atom yaratmaq və bu zaman bütün qüvvələrin tarazlığına əməl etmək üçün lazım olan gücə və bilgiyə sahib deyil.

Həmin proses başlayanda kainatın istiliyi artıq 1 milyard dərəcəyə düşmüşdü. Bu, Günəşin mərkəzindəki hərarətdən 60 dəfə çoxdur. ...İlk andan 3 dəqiqə 2 saniyə keçib. Artıq foton, proton, antiproton, neytron və antineytron kimi atom zərrəcikləri əmələ gəlib.

Bu dönəmdə mövcud olan bütün zərrəciklərin sayı və bir-birlərinə təsiri çox kritikdir. Belə ki, zərrəciklərin hansınınsa sayında cüzi fərq əmələ gələrsə, onların saxladığı enerji tarazlığı pozular və enerjinin maddəyə dönməsi əngəllənər. Məsələn, elektron və pozitronlara baxaq: onlar bir araya gələndə enerji ayrılır. Bu səbəbdən, ikisinin də sayı çox önəmlidir. Tutaq ki, 10 elektronla 8 pozitron qarşı-qarşıya gəlir. Bu halda, onların 8-i pozitronlarla qarşılıqlı təsirə girər və müəyyən qədər enerji ayrılar. 2 elektron isə sərbəst qalır. Elektron atomun tərkib hissələrinin biri olduğundan, kainatın genişlənməsi üçün bu dönəmdə yetəri qədər elektronun mövcudluğu vacibdir.

Əvvəlki misalın üzərində düşünməyə davam edək. Tutaq ki, qarşı-qarşıya gələn elektronlarla pozitronlardan ikincilərin sayı daha artıqdır. Sonda ortaya çıxan enerjidən elektronların yerinə pozitronlar artıq qalardı və maddə kainatı əsla əmələ gətirməzdi. Bu halda da kainatın formalaşması prosesi əsla normal davam edə bilməzdi. Yox, əgər pozitronlarla elektronların sayı bərabər olsaydı, bu dəfə ortaya yalnız enerji çıxar, maddə yaranmazdı. Amma elektronların sayındakı çoxluq sonradan kainatdakı protonların sayına bərabər olacaq şəkildə çox həssas ölçü ilə tənzimlənib. Bu, sonradan yaranacaq atomlarda elektron və protonların sayının bərabər olması üçün edilib. Demək, böyük partlayışdan sonra ortaya çıxan zərrəciklərin sayı bu qədər incə bir hesabla müəyyənləşib və nəticədə yaranan maddə kainatı formalaşdırıb. Prof. dr. Stiven Uenberq (Steven Weinberg) bu zərrəciklər arasındakı qarşılıqlı təsirin nə dərəcədə həssas olduğunu belə deyir:

- Əgər ilk bir neçə dəqiqədə kainatda yaranan zərrəciklərin sayı bərabər olsaydı, temperatur 1.000.000.000 dərəcədən aşağı düşəndə onların çoxu yox olar və hərarətdən başqa heç nə qalmazdı. Zərrəciklərin və antizərrəciklərin yox olmasının ardınca maddənin yaranması üçün pozitronlardan bir az artıq elektron, antiprotonlardan bir az artıq proton və antineytronlardan azca artıq neytron qalmalı idi.8

...İlk andan 34 dəqiqə 40 saniyə keçib. Kainatın yaşı artıq yarım saata yaxındır. Temperatur milyard dərəcədən düşərək, 300 milyon dərəcəyə çatıb. Elektronlarla protonlar bir-birləri ilə toqquşaraq enerji ayırmaqda davam edirlər. Artıq atomu yaradacaq zərrəciklərin sayı maddi kainatın formalaşmasına imkan verəcək haldadır. Partlayış sürətinin nisbətən yavaşlaması ilə demək olar ki, kütləsi belə olmayan bu zərrəciklər bir-birlərini cəlb etməyə başlayırlar. Bir elektronla bir protonun birləşməsi nəticəsində ilk hidrogen atomu yaranır. Bununla yanaşı, kainatda görəcəyimiz təməl qüvvələrlə tanışlığımız başlayır.

İnsan şüurunun qavramaq imkanında belə olmadığı qüsursuz layihənin nəticəsi olan bu proses çox həssas tarazlıq nəticəsində həyata keçir. Bu qüsursuzluq onu araşdıran hər kəsi çox önəmli bir həqiqətə gətirib çıxarır. Ortada üstün yaradılış və bu yaradılışın hər anına ciddi nəzarət misalı var. Çünki partlayışdan sonra meydana gələn hər zərrəciyin müəyyən bir zaman anında konkret temperatura və sürətə malik olması gərəkir. Buna nail olmaq üçün dəqiq saat mexanizmi kimi çalışan sistem əlbəttə ki, öncədən incəliklərinə qədər qurulmalı və proqramlaşdırılmalıdır. Yəni böyük partlayış və onun nəticəsində ortaya çıxan qüsursuz kainat hələ partlayışdan öncə dizayn edilmiş və həyata keçirilmişdir.

Onu nizamlayan, dizayn edən və həyata keçməsinə nəzarət edən isə, əlbəttə ki, hər şeyin yaradıcısı olan Allah`dır.

Bu planlaşdırma təkcə atomda deyil, kainatın hər yerində müşahidə olunur. Başlanğıcda işıq sürəti ilə bir-birindən qopub uzaqlaşan bu zərrəciklər yalnız hidrogen atomu əmələ gətirməklə qalmayıb, bu günkü kainatda gördüyümüz bütün sistemləri, qalaktikaları, kvazarları və sairini əmələ gətirib. Sadəcə bir atomun yaranması üçün lazım olan zərrəciklərin təsadüf nəticəsində toplanıb həssas tarazlıq yaratması belə qeyri-mümkün olduğu halda, planetlərin, ulduzların, qalaktikaların, qısası, kainatdakı bütün sistemlərin təsadüfən ortaya çıxmasını demək, əlbəttə ki, böyük bir məntiqsizlik olar. Bu bənzərsiz planlamanı quran və gerçəkləşdirən bütün kainatın yaradıcısı olan Allah`dır.

Yaradılışı xüsusi möcüzə olan hidrogen atomunun ardınca digər atomlar da yaranıb. Amma burada belə bir sual ağıla gəlir ki, digər atomlar nəyə görə yarandı, bütün proton və neytronlar hansı atomdan nə qədər yaradacaqlarına necə qərar verdilər? Bu sualın cavabı bizi yenə də eyni nəticəyə gətirir: hidrogenin və onu təqib edən bütün atomların meydana çıxması üçün uyğun dizayn və nəzarət var. Bu dizayn insan şüurunun sərhədlərinə sığmır və böyük yaradılışa işarə edir.

Böyük partlayışla ortaya çıxan fiziki qanunlar aradan keçən təxminən 17 milyard illik zaman ərzində heç bir dəyişikliyə uğramayıblar. Üstəlik, bu qanunlar o qədər incə hesablama nəticəsində yaranıblar ki, bu günə qədər cüzi də olsa, dəyişikliyə uğramayıblar; çünki belə bir dəyişiklik bütün kainatı alt-üst edə bilərdi. Bu məqamda məşhur fizik, prof. Stiven Hokinqin (Prof. Stephen Hawking) fikirləri maraq doğurur. O, bütün bu məsələlərin, əslində, bizim anlaya biləcəyimizdən daha incə hesablamalar üzərində qurulduğunu belə açıqlayır:

“Əgər “Big Bang”dən bir saniyə sonra genişlənmənin nisbəti 100.000 milyon dəfə milyonda bir dəyəri qədər az olsaydı, kainat genişlənmək əvəzinə, öz içinə çökərdi”.9

Bu dərəcədə incə hesablarla baş verən böyük partlayış zamanın, məkanın və maddənin özü-özünə yaranmadığını, Allah tərəfindən var edildiyini açıq-aşkar ortaya qoyur. Çünki yuxarıda bəhs olunan hadisələrin kor təsadüflər nəticəsində meydana gəlməsi və kainatdakı bütün maddələrin əsası olan atomları yaratması qətiyyən mümkün deyil. Bunu düşünən bütün elm adamları kainatın sonsuz qüdrət və qüvvət tərəfindən yaradıldığını qəbul edirlər. Məşhur astrofizik Hyu Ross (Hugh Ross) kainatı Yaradanın bütün ölçülərin fövqündə olduğunu belə anladır:

- Zaman hadisələrin meydana gəldiyi ölçüdür. Əgər zaman böyük partlayışla birlikdə ortaya çıxıbsa, demək, kainatı yaradan səbəb zaman və məkandan qətiyyən asılı deyil. Bu, bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir. Eyni zamanda, Yaradanın bəzilərinin dediyi kimi, nə kainatın özü, nə də onun içindəki güc olmadığına dəlalət edir.10

“Big Bang”in ən əsas cəhətlərindən biri də odur ki, bu nəzəriyyə insanlara Allah`ı daha da yaxşı tanımaq imkanı verir. Kainatın içindəki bütün maddələrlə birlikdə yoxdan var edilməsi Allah`ın gücünün ən böyük dəlillərindəndir. Partlayış zamanı enerjinin həssas tarazlığının qorunması isə Allah`ın elminin sonsuzluğunu isbatlayır.

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. (Nəhl surəsi, 12)

Kainatdakı təməl qüvvələr

Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk atom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar.

Atomlar, yəni maddə kainatı ancaq bu qüvvələrin təsiri ilə mövcud olmuş və kainata nizamlı bir dizaynla dağılmışdır. Bunlar cazibə, elektromaqnit, güclü və zəif nüvə qüvvələridir. Hər biri digərindən fərqli qüvvəyə və təsir sahəsinə malikdir. Güclü və zəif nüvə qüvvələri sadəcə atomun quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvəsi isə atomlar arasındakı əlaqəni və dolayısilə bütün maddi obyektlərin arasındakı tarazlığı tənzimləyir. Dünyadakı qüsursuz nizam bu qüvvələrin həssas dəyərlərinin nəticəsidir. Maraqlısı isə bu qüvvələr bir-birləri ilə qarşılaşarkən yaranan mənzərədir. Çünki böyük partlayışdan sonra meydana çıxan və kainata yayılan maddələr, aralarında uçurum olan bu qüvvələrə uyğun şəkildə müəyyənləşdirilib. Məhz bu təməl qüvvələr maddi kainatın yaranmasına imkan veriblər. Onların arasındakı nisbət o qədər həssas şəkildə tənzimlənib ki, ancaq və ancaq bu şəkildə maddəyə lazımi təsiri göstərə bilir.

İndi isə həmin qüvvələrə bir-bir nəzər yetirək.

1. Güclü nüvə qüvvəsi

Kitabın əvvəlindən bura qədər atomun anbaan necə yaradıldığını və bu yaradılışın həssas nizamlarını izlədik. Özümüz də daxil olmaqla, ətrafdakı hər şeyin atomlardan yarandığını və bu atomların da çoxlu zərrəciklərdən yarandığını gördük. Yaxşı, bəs atomun nüvəsini əmələ gətirən bütün bu zərrəcikləri bir yerdə saxlayan nədir? Bu, fizikada ən böyük qüvvələrdən biri olan güclü nüvə qüvvəsidir. Bu qüvvə atom nüvəsindəki proton və neytronların dağılmadan bir yerdə qalmasını təmin edir. Və atomun nüvəsi yaranır. Bu qüvvə o qədər şiddətlidir ki, nüvədəki proton və neytronları az qala bir-birinə yapışdırır. Buna görə də həmin qüvvəni daşıyan çox kiçik zərrəciklərə latınca “yapışdırıcı” anlamına gələn “qlüon” deyilir. Bu qüvvənin və onun “yapışdırmasının” şiddəti çox həssas şəkildə tənzimlənib və protonlar neytronları bir-birlərindən lazımi məsafədə saxlayır. Belə ki, əgər qüvvə azacıq çox olsaydı, həmin zərrəciklər bir-birlərinin içinə girərdi və ya bir az zəif olsaydı, dağılıb gedərdilər. Özü də həmin qüvvə böyük partlayışdan bu günə heç dəyişməyib. Bu nüvə qüvvəsinin ortaya çıxanda nə qədər böyük dağıdıcı gücünün olduğunu isə Xirosima və Naqasakidəki faciələr göstərdi. Növbəti səhifələrdə ən kiçik detallarına qədər incələyəcəyimiz atom bombalarının bu qədər dağıdıcı gücə malik olmasının səbəbi məhz atom nüvəsində olan gücün ortaya çıxmasıdır.

2. Atomun təhlükəsizlik kəməri - zəif nüvə qüvvəsi

Zəif nüvə qüvvəsi hazırda Yer üzündəki nizamı saxlayan ən önəmli amillərdən biridir. O, atomun daxili nizamının qorunmasına xidmət edir. Onun yaratdığı tarazlıq sayəsində maddələrin quruluşu pozulmur və insanlara zərər verə biləcək enerji yayılmır. Atomun bu tarazlığını nüvədəki protonlarla neytronların arasındakı həmin qüvvə təmin edir. Bu qüvvə xüsusilə içində çoxlu proton və neytron olan atom nüvələrində tarazlığın qorunması üçün əvəzsizdir. Və bu zaman tarazlığın qorunması üçün lazım olarsa, proton neytrona çevrilə bilir. Bu zaman nüvədəki protonların sayı dəyişdiyi üçün artıq atomun özü də başqa atoma çevrilir. Prosesin nəticəsi çox əhəmiyyətlidir: atom parçalanmadan başqasına dönüb və varlığını qoruyub. Beləcə, canlılar nəzarətsiz şəkildə ətrafa dağılıb, onlara ziyan gətirə biləcək təhlükəli zərrəciklərə qarşı bir növ “təhlükəsizlik kəməri” taxmış olurlar.

3. Elektronları orbitində saxlayan güc - elektromaqnit qüvvəsi

Bu qüvvənin kəşfi fizikada yeni bir cığır açdı. Hər cismin öz quruluşuna görə müəyyən elektrik yükü daşıdığı və bu elektrik yükləri arasında bir qüvvənin olduğu öyrənildi. Bu qüvvə əks elektrik yüklü zərrəciklərin bir-birini cəzb etməsini, eyni yüklülərin isə əksinə, itələməsini təmin edir. Nəticədə, atomun nüvəsindəki protonlarla ətrafında hərlənən elektronlar arasında qarşılıqlı cazibə yaranır. Beləliklə, atomun əsas elementləri olan nüvə və elektronlar bir yerdə qalır. Bu qüvvənin şiddətindəki ən kiçik bir fərq elektronların ya nüvədən qopmasına, ya da əksinə, ona “yapışmasına” səbəb ola bilir. Hər iki halda da atomun və dolayısilə maddənin ortaya çıxması baş tutmur. Deməli, bu qüvvə ilk dəfə ortaya çıxdığı andan etibarən sahib olduğu dəyər sayəsində nüvədəki protonlar elektronları atomun mövcud olması üçün lazım olan ən optimal qüvvə ilə cəzb edir.

4. Kainatı nizamlayan qüvvə: cazibə qüvvəsi

Bu, bilavasitə hiss edə bildiyimiz tək qüvvə olduğuna baxmayaraq, haqqında çox az bilgiyə sahibik. Onun intensivliyi digər qüvvələrə nisbətən daha az olsa da, çox böyük kütlələrin bir-birlərini qarşılıqlı cəzb etməsinə imkan yaradır. Kainatdakı qalaktikaların, ulduzların bir-birlərinin çevrəsində qalmalarının səbəbi bu qüvvədir. Yerin və digər planetlərin Günəşin ətrafında müəyyən bir orbitdə dönə bilmələri də həmçinin bu qüvvənin sayəsində mümkün olur. Onun sayəsində biz Yerdə addımlaya bilirik. Bu qüvvənin dəyəri azalarsa, bütün kainat nizamını itirərək nəhəng və dəhşətli xaosa çevrilər, insanlar Yer üzündən qoparaq fəza boşluğuna səpələnərlər. Qüvvə artarsa, yenə də eyni dəhşət yaşanar: ulduzlar bir-birinə çırpılar, dünya Günəşə yapışar, biz torpağın içinə girərik. Bütün bunlar çox uzaq ehtimallar kimi görünsə də, cazibə qüvvəsinin indiki intensivliyinin cüzi də olsa dəyişməsi, deyilən dəhşətlərin gerçəkləşməsinə səbəb ola bilir. Bu mövzuda araşdırma aparan bütün elm adamları barəsində danışdığımız bütün təməl qüvvələrin dəqiq tənzimlənməsinin kainatın varlığı üçün çox vacib olduğu fikrindədir.

Məşhur bioloq Maykl Denton (Michael Denton) “Nature’s Destiny: Now the Laws of Biology Reveal Purrose in the Universe” (Təbiətin qədəri: bioloji qanunlar kainatdakı məqsədi necə göstərir) adlı kitabında yazır:

- Əgər cazibə qüvvəsi indikindən bir trilyon dəfə güclü olsaydı, kainat çox balaca və qısa ömürlü olardı. Orta ölçülü ulduz bizim Günəşdən trilyon dəfə kiçik olardı və cəmi bir il yaşayardı. Yox, əgər cazibə qüvvəsi indikindən azca güclü olsaydı, ümumiyyətlə, heç bir ulduz və qalaktika yaranmazdı. Digər qüvvələr arasındakı tarazlıqlar da son dərəcə həssasdır. Əgər güclü nüvə qüvvəsi azca zəif olsaydı, kainatda hidrogendən başqa heç bir kimyəvi element görməzdik. Heç bir başqa atom yaranmazdı. Eyni qüvvə əgər elektromaqnit cazibəsindən güclü alınsaydı, kainatdakı yeganə element iki protondan ibarət nüvəyə malik bir atom olardı. Bu halda, kainatda hidrogen yaranmazdı və ulduzlar, qalaktikalar formalaşmazdı. Yaxud da indikinə heç bənzəməzdilər. Qısası, əgər haqqında danışdığımız təməl qüvvələr məhz bu günkü kimi olmasaydılar, indi nə kainat olardı, nə də həyat.11

Məşhur fizik Pol Devis isə kainatdakı fizika qanunlarının mövcud ölçülərinə heyranlığını belə ifadə edir:

- İnsan kosmosu araşdırdıqca inamsızlıqdan uzaqlaşaraq, daha imanlı hala gəlir. Kainatın başlanğıcı haqda son bilgilər, onun quruluşu, getdikcə genişlənməsi və bütün bunların incə şəkildə düzənlənmiş olması insanı heyran etməyə bilməz.12

Bütün kainatda bu təməl qüvvələrlə bağlı qurulmuş üstün bir dizayn və qüsursuz nizam hökm sürür. Bu nizamın sahibi, əlbəttə ki, hər şeyi qüsursuz şəkildə yoxdan var edən Allah`dır. Ən kiçik qüvvə ilə ulduzları orbitlərində saxlayan, ən şiddətli qüvvə ilə kiçik atom nüvəsini nizamlayan aləmlərin Rəbbi olan Allah`dır. Bütün qüvvələr onun qoyduğu ölçülərə görə hərəkət edir. Allah kainatın yaradılışındakı nizama, bəlli ölçüyə, hesablanmış tarazlıqlara Qurani-kərimdə belə diqqət çəkir:

“O Allah ki, göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməyib; O, hər şeyi yaradıb və onu əvvəlcədən müəyyən edib”. (Furqan surəsi, 2)