Atomun quruluşu
Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlib. Əlinizdə tutduğunuz kitabın hər səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik zərrəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması qeyri-mümkündür. Bununla bağlı belə bir misal göstərək:
əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın ibarət olduğu atomları görməyiniz mümkün deyil. Yox, əgər atomları mütləq görmək istəsəniz, təsəvvürünüzdə həmin açarı Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya qədər böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.13
Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla necə dolu olduğunu anlada bilmək üçün bir misal da göstərək:
Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1000.000.000) ədəd saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı!14
Yaxşı, bəs bu qədər kiçik cismin - atomun içində nə var? Məsələ ondadır ki, ağlagəlməz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı zərrəciklərdən təşkil olunub. Bu hissədə canlı-cansız hər şeyin təməli olan atomların möhtəşəm quruluşunu və onların necə birləşərək molekulları, dolayısilə, maddəni əmələ gətirdiyini incələyəcəyik.
Nüvədəki gizli qüvvə
Nüvə atomun mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun xüsusiyyətinə uyğun sayda proton və neytronlardan əmələ gəlir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12(0,000000000001) sm-ə bərabərdir. Dolayısilə, nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.
Bu kiçikliyi yenə də gözümüz önündə canlandıra bilmək üçün bayaqkı gilas məsəlini yada salın. Bir qədər öncə dediyimiz kimi, əgər əlinizdəki açarı dünyanın ölçülərinə gətirsəniz, onun içindəki atomların hər biri gilas boyda olar. İndi isə həmin “gilas”ların içindəki nüvəni axtaraq. Amma bu axtarış boşunadır, çünki, hətta indiki ölçülərdə də nüvə gözlə görünməyəcək qədər kiçikdir. Onları görə bilmək üçün ölçüləri yenidən dəyişmək lazımdır. Bu dəfə gərək həmin “gilas”ı iki yüz metr enində nəhəng şara çevirək. Həmin ağlagəlməz ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik - toz dənəciyi boyda olacaq!
Nüvənin 10-13 sm olan diametri ilə atomun 10-8 sm olan diametrini müqayisə edəndə belə bir nəticə ortaya çıxır: əgər atomu bir kürə şəklində qəbul edib həmin kürəni tamamilə nüvə ilə doldurmaq istəsək, bunun üçün 1015 (1.000.000.000.000.000) ədəd atom nüvəsi lazım olar.16
Ancaq bundan daha təəccüblü bir hal var: ölçülərinin atomun 10 milyardda biri qədər olmasına baxmayaraq, nüvənin kütləsi atomun kütləsinin 99,95-nə bərabərdir. Bəs necə olur ki, bir tərəfdən kütlənin demək olar ki, hamısı nüvənin payına düşür, digər tərəfdənsə nüvənin ölçüləri atomunkundan 10 milyard dəfə kiçik olur?
Səbəb budur: atom kütləsinin sıxlığı bərabər şəkildə paylanmayıb. Yəni kütlə, əsasən, atomun nüvəsində yığılıb. Tutaq ki, sizin 10 milyard kvadratmetrlik bir eviniz var və bu evin bütün əşyalarını 1 kvadratmetrlik otağa yığmalısınız. Bunu necə etmək olar? Təbii ki, belə bir şey mümkün deyil. Ancaq atomun nüvəsi dünyada tayı-bərabəri olmayan bir güclə bunu edə bilir. Bu gücün qaynağı öncəki bölümlərdə haqqında danışdığımız, kainatdakı dörd təməl qüvvədən biri olan güclü nüvə qüvvəsidir. Bu, təbiətdəki ən şiddətli qüvvədir və məhz o, atomun nüvəsini bir yerdə saxlayaraq, dağılmağa qoymur. Nüvədəki protonların hamısı müsbət yüklüdür və elektromaqnit qüvvəsinin təsiri ilə bir-birlərini itələyirlər. Fəqət güclü nüvə qüvvəsi onların itələmə qüvvəsindən 100 dəfə böyük olduğundan protonları bir yerdə saxlaya bilir və nüvəni dağılmağa qoymur.
Qısası, ağlagəlməz dərəcədə kiçik olan atomun daxilində bir-birinə təsir göstərən iki böyük qüvvə var və onların son dərəcə həssas tarazlığı sayəsində nüvə bütöv qala bilir. Atomun ölçülərini və kainatdakı atomların sayını nəzərə alsaq, ortada möhtəşəm və qüsursuz bir dizaynın olduğunu görməmək mümkün deyil. Kainatdakı təməl qüvvələrin böyük elm və qüdrətlə ən uyğun şəkildə yaradılması açıq-aşkar göz önündədir. İnkarçılar bütün bunları danmaq üçün həm kainatın, həm də atomun təsadüflər nəticəsində yarandığını iddia edirlər. Halbuki, aparılan hesablamalar kainatdakı bu sistemlərin təsadüf nəticəsində yaradılması ehtimalının sıfıra bərabər olduğunu göstərir. Bütün kainat -atomdan tutmuş, qalaktikalara qədər- Allah`ın varlığının və qüdrətinin aşkar dəlilləridir:
“...Rəbbim hər şeyi öz elmiylə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” (Ənam surəsi, 80)
Atomdakı boşluq
Öncə də qeyd etdiyimiz kimi, atomun həcminin böyük hissəsi boşluqdan ibarətdir. Bu zaman ortaya belə bir sual çıxır: belə böyük boşluğa nə ehtiyac var?
Gəlin, bu cür düşünək: ən sadə deyimlə, atom bir nüvə və onun çevrəsində dolaşan elektronlardan ibarətdir. Nüvə ilə elektronların arasında heç bir şey yoxdur. Bu “heç bir şey olmayan” mikroskopik həcm atomun ölçülərinə görə, əslində, çox böyükdür. Məsələn, təsəvvür edin ki, əgər diametri 1 sm olan kiçik bir kürə nüvəyə ən yaxın elektronu təmsil etsəydi, nüvə bu kürədən 1 kilometr uzaqda olardı.17Yaxud, başqa bir misala baxaq. Fransalı fiziklərdən birinin yazdığına görə,
«Təməl zərrəciklərin arasında çox böyük boşluq var. Əgər oksigen atomunun nüvəsinin protonunu önümdəki masanın üstündəki iynənin ucu boyda düşünsəm, onun ətrafında fırlanan elektron Hollandiya, Almaniya və İspaniyadan keçən bir çevrə cızar. Ona görə də, əgər bədənimi təşkil edən bütün atomlar bir-birlərinə toxunacaq qədər yaxınlaşsaydılar, artıq məni görə bilməzdiniz. Çünki mən, haradasa, millimetrin bir neçə mində biri qədər olan toz dənəciyi boyda olardım.».18
Bu yerdə kainatdakı ən böyük məkanla ən kiçik məkan arasında qəribə bir bənzərlik ortaya çıxır. Belə ki, əgər gözlərimizi ulduzlara doğru çevirsək, orada da atomdakı kimi boşluqların olduğunu görəcəyik. Planetlər, ulduzlar və ulduz sistemləri arasında milyardlarla kilometrlik boşluqlar mövcuddur. Amma bu boşluqların hər ikisində insan ağlının ala bilmədiyi bir nizam, sistem hakimdir.
Nüvənin içi: proton və neytronlar
1932-ci ilədək nüvənin proton və elektronlardan ibarət olduğunu düşünürdülər. Həmin il Çedvik (Chadwick) adlı məşhur elm adamı neytronun varlığını kəşf edərək Nobel mükafatını qazandı. Bununla da bəşəriyyət atomun daxili quruluşu ilə dəqiq tanış oldu.
Atom nüvəsinin nə qədər kiçik olduğundan danışmışıq. Onun içində yerləşən bir protonun ölçüsü isə 10-15 metrdir. Sizə elə gələ bilər ki, bu qədər kiçik bir zərrəciyin insan həyatında heç bir rolu yoxdur. Ancaq yanılırsınız: ətrafınızda gördüyünüz hər şeyin təməli insan ağlının qavramaqda çətinlik çəkdiyi qədər kiçik olan bu zərrəciklərdən əmələ gəlir.
Kainatdakı müxtəlifliyin qaynağı
Bu günə qədər elmə 109 kimyəvi element məlumdur. Bütün kainat, dünyamız, canlı-cansız bütün varlıqlar - nə varsa, hamısı bu 109 elementin müxtəlif ölçü və şəkillərdə birləşməsindən yaranıb. Bura qədər bütün elementlərin bir-birinin bənzəri olan atomlardan yarandığını gördük; atomlar da öz növbəsində, eyni zərrəciklərdən ibarət idi. Yaxşı, bir halda ki, bütün elementləri əmələ gətirən atomlar eyni zərrəciklərdən ibarətdirlər, onda həmin elementləri fərqli edən, maddəni sonsuz çeşidlərə salan nədir?
Elementləri bir-birindən fərqləndirən amil atomların nüvəsindəki protonların sayıdır. Ən yüngül element olan hidrogen atomunda 1 proton, ikinci yerdə gələn helium atomunda 2 proton, qızıl atomunda 79, oksigendə 8, dəmirdə 26 proton var. Qızılı dəmirdən, dəmiri oksigendən ayıran özəllik də elə budur - atomlardakı protonların sayı. Nəfəs aldığımız hava, vücudumuz, hansısa bitki və ya heyvan, kainatdakı planetlər, canlı-cansız, acı-şirin, duru-qatı... - bunların hamısı təməldə proton-neytron-elektronlardan əmələ gəlirlər.
Fiziki varlığın sərhədi - kvarklar
Vur-tut 20 il bundan əvvələ qədər atomun ən kiçik tərkib hissələrinin proton və neytronlar olduğu sanılırdı. Ancaq çox yaxın bir tarixdə bəlli oldu ki, onların özləri də daha kiçik zərrəciklərdən ibarətdir.
Bu kəşfdən sonra atomun içindəki “alt zərrəciklər” (hipotetik zərrəciklər də deyirlər) və onların özünəməxsus hərəkətini incələmək üçün fizikanın xüsusi bir sahəsi meydana çıxdı. Bu yöndə aparılan araşdırmalar göstərdi ki, həqiqətən də, atomu əmələ gətirən proton və neytronlar özləri “kvark” adlanan daha kiçik zərrəciklərdən ibarətdir. İnsan ağlının qavraya bilməyəcəyi qədər kiçik olan protonu əmələ gətirən kvarkların ölçüsü isə daha da heyrətvericidir: 10-18 (0,000000000000000001) metr.
Protonun içindəki kvarklar heç vaxt bir-birlərindən çox uzaqlaşmırlar. Çünki nüvənin daxilindəki zərrəcikləri bir arada tutan güclü nüvə qüvvəsi burada da təsirini göstərir. Kvarkların arasındakı məsafə artdıqca bu qüvvə də şiddətlənir və nəticədə iki kvark bir-birindən ən çox katrilyonda bir metr qədər aralana bilirlər. Bu cazibə güclü nüvə qüvvəsini daşıyan qlüonlar sayəsində gerçəkləşir. Kvarklarla qlüonlar bir-birləri ilə son dərəcə sıx əlaqədədir. Ancaq elm adamları hələ ki, bu əlaqənin nəyin sayəsində mümkün olduğunu aydınlaşdıra bilməyiblər. Fizikanın bu sahəsində davamlı araşdırmalar aparılır. Fəqət insan oğlu sahib olduğu ağıl, bilgi və elmə rəğmən, bu sirli aləm haqqında hələ təzə-təzə nəsə öyrənməyə başlayıb. Üstəlik, bu əsrarəngiz aləmə girdikcə incəliklər daha da artır, insan isə “kvark” adı verdiyi zərrəciklərin 10-18 m-lik sərhədində dayanıb. Yaxşı, bəs bu sərhədin o üzündə nələr var?
Bu gün elm adamları qoyulan suala cavab vermək üçün müxtəlif tezislər irəli sürürlər, amma yuxarıda da dediyimiz kimi, həmin sərhəd fiziki kainatın son nöqtəsidir. Bundan o tərəfdəki varlıqlar daha maddə yox, ancaq enerji şəklində mövcud ola bilirlər. Önəmli məsələ isə insanın bütün texnoloji imkanlarına baxmayaraq, yenicə kəşf etdiyi bu məkanda fiziki qanunların dəqiq saat kimi işləməsi, lazımlı bütün tarazlıqların qorunmasıdır. Üstəlik, bu məkan bütün kainatdakı maddələrin, həmçinin insanın da əsası olan atomun içidir. İnsan isə öz orqanizmində daim işləyən bu qüsursuz mexanizmdən hələ yenicə xəbər tutmağa başlayıb. İnsan bu haqdakı bütün bilgiləri son bir neçə onillik ərzində qazanıb. Vücudumuzu təşkil edən hüceyrələr, onların təməlindəki molekullar, molekulların içindəki atomlar, atomların daxilindəki proton və neytronlar, onların da içindəki kvarklar çox mükəmməl mexanizm şəklində çalışırlar; bu mexanizmlərin çox yüksək səviyyədə yaradılışı isə imanından asılı olmayaraq, hamını heyrətə salır. Üstəlik, onu da düşünmək lazımdır ki, bütün bu qüsursuz mexanizmlər həyatımız boyu heç xəbərimiz belə olmadan, çox müntəzəm şəkildə çalışır. Onların üstün güc və bilik sahibi Allah tərəfindən yaradıldığı və Onun tərəfindən də idarə edildiyi ağıl və vicdan sahibi olan heç kimdə şübhə doğurmamalıdır.
“Göylərdə və yerdə kim varsa, hamısı Ondan (ruzi, mərhəmət və mədəd) dilər. O, hər gün bir işdədir. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” (Rəhman surəsi, 29-30)
Atomun digər tərəfi: elektronlar
Yer kürəsinin Günəşin ətrafında dövr edərkən eyni zamanda öz oxu ətrafında dönməsi kimi, elektronlar da atom nüvəsinin ətrafında hərəkət edirlər. Bu hərəkət də planetlər kimi, bir orbit boyu fasiləsiz şəkildə baş verir. Fəqət dünya ilə günəşin miqyası ilə atomun miqyası çox fərqlidir. Əgər müqayisə aparmaq istəsəniz, təsəvvür edin ki, atomu dünya boyda böyütsək, elektron sadəcə... alma boyda olar.19
Ən güclü mikroskopların belə göstərə bilməyəcəyi qədər kiçik bir sahədə dönüb-dolaşan onlarla elektron atomun daxilində çox qarışıq hərəkət yaradır. Burada diqqət çəkən ən önəmli nöqtə nüvəni elektrik yükündən toxunan bir zireh kimi örtən bu elektronların atomun içində ən kiçik bir qəzaya belə yol verməməkləridir. Nəzərə alın ki, atomun içində baş verə biləcək ən kiçik qəza onun üçün fəlakət olar. Amma qəza heç vaxt baş vermir; çünki bütün proseslər mükəmməl nizam və qüsursuz sistemlə cərəyan edir. Nüvənin çevrəsində saniyədə 1000 km/san kimi ağlasığmaz sürətlə fasiləsiz olaraq dövr edən elektronlar heç vaxt bir-birlərinə toxunmurlar. Aralarında heç bir fərq olmayan bu elektronların ayrı-ayrı orbitlərlə hərəkət etmələri son dərəcə təəccüblüdür və ağıllı planlaşdırmanın, hesablamanın mövcudluğundan xəbər verir. Əgər onların kütlələri və sürətləri bir-birlərindən fərqli olsaydı, nüvənin ətrafında fərqli orbitlərdə düzülmələri təbii qarşılana bilərdi. Necə ki, Günəş sistemindəki kütlələri və sürətləri ilə fərqlənən planetlər bu ardıcıllıqla kiçikdən böyüyə doğru düzülüblər və ayrı-ayrı orbitlərdə hərəkət edirlər. Amma atomlardakı elektronların vəziyyəti artıq dediyimiz kimi, qətiyyən belə deyil. Eynilə bir-birinin bənzəri olan elektronların nüvənin ətrafında nəyə görə fərqli orbitlərdə düzülmələri, bu orbitlərin hansı səbəbdən bir-birinə qarışmamaqları, ağlasığmaz dərəcədə kiçik məkanda heyrətamiz sürətlə hərəkət etmələri və bu zaman nəyin sayəsində bir-birləri ilə toqquşmamaqları hələ ki, cavabsız suallardır; əslində isə, onların cavabı bizi bir nöqtəyə gətirir - bu bənzərsiz nizam və həssas tarazlıq ancaq və ancaq Allah`ın qüdrəti sayəsində mümkündür:
“O, yaradan, yoxdan var edən və surət verən Allah`dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir”. (Həşr surəsi, 24)
Elektronlar neytron və protonlardan haradasa 2000 dəfə kiçik zərrəciklərdir. Atomda elektronların sayı protonların sayına bərabər olur və hər elektron hər protonun daşıdığı müsbət (+) yükə bərabər mənfi (-) yükə sahib olur. Nüvədəki müsbət (+) yükün cəmiylə elektronların mənfi (-) yükü bir-birlərini tarazlaşdırır və atom neytral olur. Elektronların daşıdığı elektrik yükü bəzi fiziki qanunlara uyğun olmalıdır. Belə ki, eyni işarəyə malik yüklər bir-birlərini itələyir, əks işarələr isə cəzb edir. Buna görə də ilk baxışdan belə görünə bilər ki, eyni yükə (-) malik olan elektronlar bir-birlərini itələyərək nüvənin ətrafından dağılıb gedəcəklər. Ancaq belə olmur. Əgər elektronlar nüvənin ətrafından dağılsaydılar, bütün kainat boşluqda dolaşan proton, neytron və elektronlardan ibarət olardı. Başqa tərəfdən, müsbət yükə sahib olduğu üçün nüvə mənfi yüklü elektronları çəkib özünə yapışdırmalı idi. Bu halda da atom özü-öz içinə çökərdi. Ancaq bu da baş vermir. Çünki elektronların bir az əvvəl dediyimiz sürəti (1000 km/san), onların bir-birlərinə təsir göstərdikləri itələmə qüvvəsi və nüvənin elektronları cəzb etmə gücü o qədər həssas şəkildə uyğunlaşdırılıb ki, arada çox mükəmməl tarazlıq yaranır. Nəticədə, atomdakı sistem dağılıb parçalanmadan qorunur. Atoma təsir edən bu qüvvələrdən yalnız biri qədərindən bir az artıq və ya əskik olsa idi, atom heç vaxt yaranmazdı. Yaxud tutaq ki, nüvədəki eyni yüklü protonları bir-birinə bağlayan nüvə qüvvələri olmasaydı, onlar bir-birlərinə heç yaxınlaşmazdılar. Eyni şəkildə, neytronlar da heç vaxt nüvəyə qatılmazdılar. Nəticədə isə atom adlı bir şey, ümumiyyətlə, mövcud olmazdı.
Bütün bu incə hesablar göstərir ki, heç bircə atom belə təsadüf nəticəsində yaranmayıb, hər şey Allah`ın sonsuz elmi nəticəsində var olub. Yoxsa içində yaşadığımız kainat heç yaranmadan məhv olardı. Elə ilk anda proses tərsinə dönər, dəhşətli bir xaos alınardı. Ancaq hər şeyin yaradıcısı, sonsuz güc və elm sahibi olan Allah kainatdakı bütün tarazlıqlar kimi, atomu da çox həssas nizamla qurub və buna görə də həmin kiçik zərrəciklər mükəmməl nizam içində var olmağa davam edir. Alimlər illərlə Allah`ın yaratdığı bu sistemi araşdıraraq sirrini tapmağa çalışsalar da, nəticədə, kəşf edilən faktlara sadəcə bəzi adlar verməklə kifayətləniblər: elektromaqnit qüvvəsi, güclü nüvə qüvvəsi, zəif nüvə qüvvəsi, cazibə qüvvəsi...
“Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allah`ın göylərdə və yerdə yaratdıqlarında Allah`dan qorxan bir tayfa üçün dəlillər vardır”.
(Yunis surəsi, 6)
Ancaq kitabın girişində də dediyimiz kimi, heç kim “niyə?” sualının üzərində düşünməyib. Heç kim düşünməyib ki, niyə bu qüvvələr müəyyən ölçü ilə, müəyyən qaydalara görə hərəkət edirlər? Niyə onların təsir etdikləri sahələr, tabe olduqları qanunlar və intensivlikləri arasında tam bir uyğunluq var? Elm adamları bütün bu sualların qarşısında çarəsiz qalıblar. Çünki onların bacardıqları sadəcə hadisələrin hansı ardıcıllıqla baş verdiyini və necə inkişaf etdiyini araşdırmaqdır. Həmin araşdırmaların nəticəsində isə bu gerçək ortaya çıxıb: kainatın hər yerində, hətta bircə atomu belə özbaşına buraxmayan möhtəşəm ağıl və iradə sahibinin proseslərə müdaxiləsi görünür. Bütün qüvvələri bir-birinə uyğunlaşdıraraq tarazlıq yaradan o güc və qüvvətin sahibi isə Allah`dır. Allah qüdrətini istədiyi yerdə və istədiyi vaxtda təcəlli etdirir. Ən kiçik atomdan tutmuş, ucsuz-bucaqsız qalaktikalara qədər bütün kainat Allah`ın istəməsi və qoruması nəticəsində varlığını davam etdirir.
Allah Quranda özündən başqa bir qüvvə olmadığını belə xəbər verir:
“Əgər özlərinə zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüvvət və qüdrətin Allah`a məxsus olduğunu və onun əzabının şiddətli olacağını bilərdilər”. (Bəqərə surəsi, 165)
Bu günə qədər heç bir elm adamı atomdakı, dolayısilə, kainatdakı qüvvələrin səbəbini, qaynağını və niyə bəlli durumlarda bəlli qüvvələrin ortaya çıxmasını izah edə bilməyib. Elmin gördüyü iş sadəcə gerçəkləri kəşf edərək, ona bəzi adlar verməkdən ibarətdir. Bu cür “ad qoymalar” elm aləmində böyük tapıntı kimi dəyərləndirilir. Halbuki, elm adamları kainatda yeni bir qanun yaratmağa, yeni bir sistem qurmağa deyil sadəcə mövcud olanları qavramağa çalışırlar. Gördükləri iş də, əsasən, Allah`ın kainatdakı saysız yaradılış möcüzələrindən hansınısa tapıb, ona bir ad qoymaqdan ibarətdir. Allah`ın yaratdığı üstün sistemin hansısa cəhətini təsbit edən bir alim müxtəlif elmi mükafatlara layiq görülür, məşhurlaşır, ad-san qazanır. Halbuki, bu zaman əsl heyranlıq, heç şübhəsiz, o möcüzəni yaradana - yəni Allah`a yönəlməlidir.
«Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz»(«Talaq» surəsi, 12)
Elektronların orbiti
Ən güclü mikroskopların belə görə bilməyəcəyi qədər kiçik bir məkanda dövr edən onlarla elektron, əvvəldə də dediyimiz kimi, atomun içində son dərəcə mürəkkəb trayektoriyalar əmələ gətirirlər. Ancaq bu mürəkkəblik, eyni zamanda, ən sistemli şəhərin yol-hərəkət qaydalarıyla müqayisə edilməyəcək dərəcədə nizamlıdır və elektronlar heç vaxt bir-biri ilə toqquşmurlar. Çünki onların hər birinin ayrı orbiti var və bu orbitlər bir-birləri ilə kəsişmirlər.
Atom nüvəsinin ətrafında 7 orbit var. Heç vaxt dəyişməyən bu 7 orbitdəki elektronların sayı belə bir riyazi formulla müəyyənləşir: 2n2. Atomların hər bir orbitindəki elektronların maksimum sayı da bu formulla hesablanır (formuldakı “n” hərfi orbitin nömrəsini göstərir). Kainatı əmələ gətirən sonsuz sayda atomların elektron orbitlərinin heç bir çaşqınlıq yaratmadan 2n2 formuluna uyğunlaşmaları ortada bir nizamın olduğunu göstərir. Elektronların inanılmaz sürətlə hərəkət etmələrinə baxmayaraq, atomun daxilində heç bir “qəza”nın baş verməməsi də həmin nizamın nəticəsidir. Bu nizam heç bir halda təsadüflərlə izah edilə bilməz. Onun yeganə izahı Quranda deyildiyi kimi, Allah`ın hər şeyi öz qüdrətinin bir təcəllisi olaraq nizam və intizam içində yaratmasıdır. Allah`ın yaratdığı bu nizam Quranda belə xəbər verilib:
“...Allah hər şey üçün bir ölçü müəyyənləşdirib”. (Talaq surəsi, 3)
“...Hər şeyi yaradaraq, bir düzən verib, müəyyən ölçüylə təqdir edib”. (Furqan surəsi, 2)
“...Onun dərgahında hər şey bir ölçü ilədir. O, qeybi də, aşkarı da biləndir. Hamıdan böyük və ucadır”. (Rəd surəsi, 8-9)
“Biz yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik”. (Hicr surəsi, 19)
“...Göyü O ucaltdı, mizan-tərəzini, ədalət tərəzisini O qoydu”. (Rəhman surəsi, 7)
“Günəş və Ay müəyyən bir ölçü ilə hərəkət edər”.(Rəhman surəsi, 5)
“...Şübhəsiz, Allah hər şeyin hesabını biləndir”.(Nisa surəsi, 86)
Ayələrdən də anlaşıldığı kimi, aləmlərin Rəbbi olan Allah hər şeyi qüsursuz bir ölçü, hesab və nizam içində yaradandır. Bu ölçü və hesab atomun ən kiçik zərrəciklərindən tutmuş, kainatdakı ən nəhəng göy cisimlərinə qədər hər yerə və hər şeyə aiddir. Bu da Allah`ın sonsuz gücünün, elminin, sənətinin və hikmətinin göstəricisidir. Allah yaratdığı varlıqlardakı və sistemlərdəki mükəmməl ölçü, nizam, tarazlıq və hesabla bu sifətlərini insanlara tanıdır, sonsuz qüdrətini gözlər önünə sərir. Bütün elmi araşdırmalar və kəşflər, əslində, insanı bu gerçəyə gətirməlidir.