Beynİmİzdəkİ dünya
Yaşadığımız dünyaya aid hər cür məlumatı və bildiyimiz hər şeyi duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsilə bizə çatan məlumatlar ardıcıl proseslər nəticəsində elektrik siqnallarına çevrilir və bu siqnallar beynimizin lazımi nöqtələrində şərh edilir. Beynimizin bu şərhi nəticəsində biz, məsələn, bir kitab görürük, çiyələyin dadını alır, cökə ağaclarını qoxulayır, ipək parçaya toxunur və ya küləklə yellənən yarpaqların xışıltısını eşidirik.
Aldığımız təlqinlə hər zaman bədənimizin xaricindəki parçaya toxunduğumuzu, bizdən 30 sm-lik məsafədəki kitabı oxuduğumuzu, metrlərlə uzaqlıqdakı cökə ağaclarının qoxusunu aldığımızı, çox yüksəkliklərdəki yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Əslində isə, bu sadaladıqlarımızın hamısı bizim içimizdə baş verən hadisələrdir. Kitabın görüntüsündən yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə əmələ gəlir.
Burada daha təəccüblü həqiqətlə də qarşılaşırıq: beynimizdə, əslində, nə rəng, nə səs, nə də görüntü var. Beynimizdə ancaq elektrik siqnalları var. Bu, fəlsəfi düşüncə deyil, duyğularımızın funksiyası ilə bağlı elmi izahdır. Mapping The Mind (Zehnin xəritəsini çıxarmaq) adlı kitabında yazıçı Rita Karter dünyanı necə qavradığımızı belə açıqlayır:
Hər bir duyğu orqanı özünə uyğun olan xəbərdarlığa cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya titrəmələr şəklindədir. Bütün bu müxtəlifliyə baxmayaraq, duyğu orqanları, əslində, eyni vəzifəni yerinə yetirirlər: özlərinə aid olan xəbərdarlığı elektrik siqnallarına çevirirlər. Xəbərdarlıq isə sadəcə xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Bethovenin beşinci simfoniyasının ilk notu deyil, sadəcə elektrik enerjisidir. Əslində, hər hansı bir hissi digərlərindən fərqləndirmək əvəzinə duyğu orqanları hamısını eyni şeyə, yəni elektrik siqnalına çevirirlər.
Elə isə bütün hisslərə aid olan xəbərdarlıqlar eyni qaydada beyinə elektrik axınları şəklində daxil olur və buradakı sinir hüceyrələrinə xəbərdarlıq edirlər. Bütün proses budur. Bu elektrik siqnallarını yenidən işıq dalğalarına və ya molekullara çevirən geri qayıtma sistemi yoxdur. Hər hansı bir elektrik siqnalının görüntüyə, digərinin qoxuya çevrilməsi isə bu elektrik siqnalının hansı sinir hüceyrələrinə təsir etməsinə bağlıdır.1
Yuxarıdakı açıqlamalar çox vacib mövzuya diqqət çəkir. Bizim dünya haqqında qavradığımız bütün hisslər, görüntü, dad və qoxular, əslində, eyni məmulatdan, yəni elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını bizim üçün mənalandıran, bu siqnalları qoxu, dad, görüntü, səs və ya toxunma şəklində şərh edən isə beyindir. Beyin kimi nəm ətdən əmələ gələn bir maddənin hansı elektrik siqnalını qoxu, hansını görüntü kimi şərh edəcəyini bilməsi və eyni məmulatdan bir-birindən çox fərqli duyğu və hisslər meydana gətirməsi isə böyük möcüzədir.
İndi bu böyük möcüzənin necə baş verdiyini, yəni "dünyanı necə qavrayırıq?" sualının cavabını bütün hisslərimiz üçün bir-bir nəzərdən keçirək.
Görən gözlərimiz deyil, görüntü beynimizdə əmələ gəlir
Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta: "Gözlərimiz dünyaya açılan pəncərədir", - deyə bilərik. Əslində isə, görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük.. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə görmə hadisəsinin həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik.
Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına çevirirlər. Bu elektrik axınları göz sinirləri vasitəsilə beyinin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı aydın və üç ölçülü görüntülərə çevirir.
Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına çevirirlər. Bu elektrik axınları göz sinirləri vasitəsilə beyinin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı aydın və üç ölçülü görüntülərə çevirir. Məsələn, biz parkda oynayan uşaqlara tamaşa edəndə bu uşaqları və parkı gözlərimizlə görmürük, çünki bu mənzərəyə aid görüntü gözümüzün önündə deyil, beynimizin arxa tərəfində əmələ gəlir. Burada çox səthi şəkildə izah etdiyimiz görmə prosesi, əslində, çox mürəkkəbdir. İşıq şüaları bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik siqnalları üç ölçülü, rəngarəng, parlaq dünya şəklində bizə görünür. Eye and Brain "Göz və beyin" kitabının müəllifi R.L.Qreqori bunun fərqinə varmış şəxslərdən biri kimi görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir:
Gözlərimizə kiçik, başı aşağı görüntülər verilir və biz ətrafımızda bunları sağlam cisimlər kimi görürük. Tor qişanın üzərindəki siqnallar nəticəsində cisimlər dünyasını qavrayırıq və əslində, bunun bir möcüzədən fərqi yoxdur.2
Bütün bunlar bizi daima eyni həqiqətə aparır: biz həyatımız boyu dünyanı bizim xaricimizdə zənn edirik. Əslində isə, dünya hər şeyi ilə birlikdə bizim içimizdədir.
Biz xaricimizdə hesab etdiyimiz dünyanı içimizdə, beynimizdəki kiçik nöqtədə görürük. Məsələn, bir şirkət rəhbəri şirkətin binasının, şəhərin kənarındakı fabrikinin, avtoparkdakı avtomobilinin, dəniz sahilindəki evinin, limandakı yaxtasının, tabeçiliyində işləyən yüzlərlə insanın, vəkillərinin, ailəsinin, dostlarının daima öz bədənindən xaricdə olan varlıqları ilə təmasda olduğunu düşünür.
Lakin bunların hamısının sadəcə onun kəllə sümüyünün içində, beyninin arxa tərəfindəki kiçik bölgədə əmələ gələn görüntüləri ilə təmasdadır. Xarici aləmdəki əsillərinin necə olduğunu isə heç vaxt bilə bilməz.
Sözügedən şəxs bu həqiqəti bilmir, bilsə də, düşünmək istəməz. Ancaq son model avtomobili ilə gəldiyi şirkətinin qarşısında qürurla dayanarkən əsən mehlə gözünə toz düşsə, bu həqiqəti o dəqiqə anlayar. Toz düşdüyü üçün qaşınan sağ gözünü gözü açıq ikən yüngülcə qaşıdıqda şirkət binasının yuxarı-aşağı və ya sağa-sola doğru gedib-gəldiyini görəcəkdir. Elə bu zaman düşünən insan gördüyü görüntünün xarici aləmdəki sabit varlıq olmadığını anlayar. Çünki gözünü qaşıması ilə görüntü gedib-gəlir.
Beləliklə, bu, bir həqiqətdir ki, hər insan həyatı boyu gördüyü hər şeyi beynində görür və heç bir zaman gördüklərinin əsilləri ilə təmasda ola bilmir. Gördükləri xarici aləmdə mövcud olan görüntülərin beynində əmələ gələn surətidir. Bu surətin əslinin necə olduğu isə bizə məlum deyil.
Materialist olmasına baxmayaraq, alman psixiatr və nevrologiya professoru Hoymar Von Ditfurt bu elmi həqiqət haqqında bunları söyləyir:
Arqumentlərimizin hərəkətverici qolunu hara yerləşdirsək də, nəticə dəyişmir: əti-sümüyü ilə qarşımızda duran, gözümüzün gördüyü şey dünya deyil, sadəcə onun xəyalıdır, bir bənzəridir, orijinalı ilə nə qədər üst-üstə düşdüyü mübahisəlidir.33
Məsələn, hal-hazırda başınızı qaldırıb içində olduğunuz otağa baxdıqda gördüyünüz sizin xaricinizdəki otaq deyil. Siz otağın beyninizin içində əmələ gələn xəyali görüntüsünü görürsünüz və heç bir zaman bu otağın əslini duyğu orqanlarınız vasitəsilə görməyiniz mümkün deyil.
Qapqaranlıq beyninizin içində aydın və rəngarəng görüntü necə meydana gəlir?
Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beyinin içində işıq yoxdur. Yəni beyinin yerləşdiyi yer qapqaranlıqdır, ona görə də beyinin işığın özü ilə təmasda olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi şəkildə bu zülmət qaranlıqda işıqlı, parlaq dünyaya tamaşa edirsiniz. Rəngarəng təbiət, parlaq mənzərə, yaşılın hər çaları, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı, küçədəki bütün insanlar, yolda sürətlə şütüyən maşınlar, ticarət mərkəzindəki yüzlərlə növ geyim də daxil olmaqla, hər şey bu zülmət qaranlıq yerdə əmələ gəlir.
Buradakı maraqlı vəziyyəti bir nümunə ilə açıqlayaq. Qarşımızda yanan manqal alovunu düşünək. Bu manqalın qarşısına keçib onu uzun müddət izləyə bilərsiniz. Amma bu müddət boyu beynimizə manqaldan gələn işığın, parıltının və istiliyin əsli ilə heç vaxt təmasda ola bilmərik. Manqaldakı alovun işığını və istiliyini hiss etdiyimiz anda belə kəllə sümüyümüzün və beynimizin içi qapqaranlıqdır və temperaturu heç dəyişmir. Qapqaranlıq beyinin içində elektrik siqnallarının rəngarəng, parıltılı, aydın görüntüyə çevrilməsi bir möcüzədir. Bu hadisə üzərində düşünən insan qarşılaşdığı əsrarəngizlik qarşısında böyük heyranlıq hissi keçirəcəkdir.
İşıq da beynimizdə əmələ gəlir.
Görmə hadisəsinin necə baş verdiyini izah edərkən daima xaricdən gələn işığın gözümüzdəki hüceyrələri hərəkətə gətirdiyini və bu hərəkətlənmənin görüntünün əmələ gəlməsinə səbəb olduğunu bildirdik. Ancaq burada vurğulanmalı çox vacib bir cəhət də var. Əslində, beynimizin xaricində bizə məlum olan işıq yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə bizim beynimizdə əmələ gəlir.Xarici dünyada, yəni beynimizin xaricində işıq kimi bildiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar zərrəcik halında olan enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar tor qişanı oyandırdıqda bizə məlum olan işıq əmələ gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:
İşıq sözü fiziki və ya obyektiv mənada elektromaqnit dalğalarla və ya fotonlarla bağlı istifadə edilmişdir. Eyni söz psixoloji mənada elektromaqnit dalğalar və fotonlar gözün tor qişasına təsir etdikdə insanda əmələ gələn hisslə bağlı olaraq da istifadə edilir. İşıq sözünün həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə edək: işıq bir insan gözünə tor qişasının oyandırılması nəticəsində əmələ gələn görmə təsiri ilə varlığını göstərən enerji formasıdır.4
Beləliklə, işıq gözümüzə gələn bəzi elektromaqnit dalğaların və ya hissəciklərin bizdə əmələ gətirdiyi təsir ilə meydana gəlir. Yəni xaricdə beynimizdəki görüntünü əmələ gətirəcək işıq da yoxdur. Sadəcə enerji var və bu enerji gözümüzə çatdıqda biz rəngarəng, parlaq, aydın dünya görürük.
Rənglər də beynimizdə əmələ gəlir
Biz doğulduğumuz andan etibarən ətrafımızda rəngli dünya görür, rəngarəng mühitlə təmasda oluruq. Əslində isə, kainatda heç bir rəng yoxdur. Rənglər beynimizin içində əmələ gəlir. Xaricdə sadəcə fərqli dalğa uzunluqlarına malik elektrik dalğaları var. Gözümüzə çatan bu fərqli dalğa uzunluqlarındakı enerjidir. Yuxarıda da bildirildiyi kimi, biz buna işıq deyirik, ancaq bu, bizim bildiyimiz mənada parlaq, aydın işıq deyil, sadəcə enerjidir. Beynimiz bu fərqli dalğa uzunluqlarına malik enerjini şərh etdikdə biz onları rəng kimi görürük. Əslində isə, nə dənizlər mavi, nə otlar yaşıl, nə torpaq qəhvəyi, nə də meyvələr rənglidir. Onlar sadəcə beynimizdə o cür qavradığımız üçün elədirlər. Şüur və beyin haqqında yazdığı kitablarında Daniel C. Dennet bu həqiqəti belə izah edir:
Ortaq qənaətə əsasən, elm rəngləri fiziki dünyadan ayırmış və əvəzinə sadəcə rəngsiz, fərqli dalğa uzunluqlarındakı elektromaqnit şüaları saxlamışdır.5
Dennet beyinlə bağlı bir kitabında rənglərin meydana gəlməsi haqqında bunları deyir:
Dünyada rəng yoxdur, rəng sadəcə baxanın gözündə və beynində əmələ gəlir. Cisimlər işığın fərqli dalğa uzunluqlarını əks etdirirlər, ancaq bu işıq dalğalarının rəngi yoxdur.6
Bu elmi həqiqətin daha yaxşı başa düşülməsi üçün rəngləri necə gördüyümüzü qısaca nəzərdən keçirək.
Günəşdən gələn işıqlar bir cismə toxunduqda hər cisim işığı fərqli dalğa uzunluğunda əks etdirir. Bu fərqli dalğa uzunluqlarındakı işıq gözə çatır (burada işıq olaraq bəhs edilənin elektromaqnit dalğalar və fotonlar olduğu, bizə məlum olan işığın isə sadəcə beynimizdə əmələ gəldiyini unutmaq olmaz). Rəngin qavranılması gözün tor qişasındakı kolbacıqlarda başlayır. Tor qişada işığın müəyyən dalğa uzunluğuna cavab verən üç əsas kolbacıq hüceyrə qrupu var. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü ilə yaşıl işığa həssasdır. Bu üç fərqli kolbacıq hüceyrənin müxtəlif nisbətlərdə oyandırılması nəticəsində milyonlarla müxtəlif rəng çaları ortaya çıxır. Ancaq işığın kolbacıq hüceyrələrə çatması rənglərin əmələ gəlməsi üçün kifayət deyil. Johns Hopkins Universitetinin Tibb fakültəsindən tədqiqatçı N. Ceremi gözdəki hüceyrələrin rəngləri əmələ gətirmədiyini belə bildirir:
Hər hansı bir kolbacıq hüceyrənin üzərinə düşən tək şey işığı tutub gərginliyi haqqında məlumat verməkdir. Rəng haqqında sizə heç bir şey demir.7
Kolbacıq hüceyrələr qəbul etdikləri bu rəng məlumatlarını malik olduqları piqmentlər vasitəsilə elektrik siqnallarına çevirirlər. Bu hüceyrələrlə əlaqədar olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi bölgəyə göndərirlər. Həyatımız boyu gördüyümüz rəngarəng dünyamızın əmələ gəldiyi yer elə beyindəki bu xüsusi bölgədir.
Beləliklə, beynimizdən xaricdə rənglər yoxdur, işıq da yoxdur. Sadəcə elektromaqnit dalğalar və ya hissəciklər şəklində hərəkət edən enerji var. Həm rənglər, həm də işıq sadəcə bizim beynimizdədir. Yəni biz gülü qırmızı olduğu üçün qırmızı rəngdə görmürük. Bizim gülü qırmızı görməyimizin səbəbi tor qişamıza təsir edən enerjinin beynimiz tərəfindən qırmızı kimi şərh edilməsidir.
Rəng korluğu rənglərin beynimizdə əmələ gəlməsinin vacib dəlillərindəndir. Məlumdur ki, gözdəki tor qişada əmələ gələn kiçik pozuntu rəng korluğuna səbəb olur. Belə olduqda insan yaşıl ilə qırmızını bir-birindən ayırd edə bilmir. Bu halda, xarici aləmdəki cismin rəngli olub-olmadığı vacib deyil. Çünki biz cisimləri onlar rəngli olduqlarına görə rəngli görmürük. Buradakı nəticə bundan ibarətdir: varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər xarici dünyada deyil, beynimizdədir. Biz heç vaxt hisslərimizdən kənarlaşıb xarici aləmə çıxa bilməyəcəyimizə görə, maddələrin və ya rənglərin əsillərini də görə bilmərik. Məşhur mütəfəkkir Berkeley də bu həqiqətə aşağıdakı sözləri ilə diqqət çəkir:
Qısaca desək, eyni şeylər eyni zamanda bəziləri üçün qırmızı, bəziləri üçün isti, bəziləri üçün tam əksi ola bilirsə, bu, o deməkdir ki, biz illüziyaların təsirindəyik...8
Bütün səsləri beynimizdə eşidirik
Eşitmə prosesi də eynilə görmə kimi baş verir. Başqa sözlə, xarici aləmə aid görüntüləri beynimizin içində necə görürüksə, səsləri də beynimizin içində eşidirik. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə toplayaraq qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri səsin gərginliyi və sıxlığına görə elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyində bir neçə mərhələdən sonra siqnallar son mərhələdə işlənir və şərh edilmək üçün eşitmə mərkəzinə göndərilir. Beləliklə, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir.
Ona görə də beynimizdən kənarda səslər deyil, səs dalğaları kimi tanınan fiziki titrəyişlər var. Bu səs dalğalarının səsə çevrildiyi yer isə xarici aləm və ya qulağımız deyil, beynimizin içidir. Yəni görən gözlərimiz olmadığı kimi, eşidən də qulaqlarımız deyil. Məsələn, ən yaxın dostunuzla söhbət edərkən dostunuzun görüntüsünü beyninizdə izləyir, səsini də beyninizin içində dinləyirsiniz və necə ki, beyninizdəki görüntü üç ölçülü, dərinlik hissi ilə əmələ gəlirsə, dostunuzun səsi də sizə dərinlik hissini təsdiqləyəcək şəkildə gəlir. Məsələn, dostunuzu sizdən uzaqda görürsünüzsə və ya arxanızda bir yerdə oturursa, səsinin də yerinə görə uzaqdan, çox yaxından və ya arxanızdan gəldiyini zənn edirsiniz. Əslində isə, dostunuzun səsi nə arxanızda, nə də uzağınızdadır. Dostunuzun səsi sizin içinizdə, beyninizdədir.
Eşitdiyiniz səsin əsli barədə möcüzələr bununla bitmir. Beyin necə işığı keçirmirsə, səsi də keçirmir. Yəni beyinə heç bir zaman səs girə bilməz. Ona görə, eşitdiyiniz səslər nə qədər gurultulu olsa da, beyninizin içi tamamilə səssizdir. Lakin bu gurultunu, ən aydın səsləri beyninizdə dinləyirsiniz. O qədər aydındır ki, sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir.
Səs keçirməyən, dərin səssizliyin hökm sürdüyü beyninizdə orkestrin simfoniyalarını dinləyirsiniz, şəhərin səs-küyünü eşidirsiniz, yarpağın xışıltısından reaktiv təyyarələrin gurultusuna qədər böyük tezlik və desibel aralığındakı bütün səsləri qavraya bilirsiniz. Sevdiyiniz müğənninin konsertinə getdikdə bütün salonda əks olunan o güclü səs də, əslində, beyninizdəki səssizliyin içində əmələ gəlir. Öz-özününzə yüksək səslə mahnı oxuduğunuzda da bunu yenə beyninizdə dinləyirsiniz. Əslində isə, o anda həssas cihazla beyninizin içindəki səs səviyyəsi ölçülərsə, burada tamamilə səssizliyin hakim olduğu məlum olar. Bu, çox fövqəltəbii vəziyyətdir. Beyninizə gələn elektrik siqnalları səs kimi, məsələn, hər hansı bir stadiondakı insanların müşayiət etdiyi qrupun konserti şəklində beyninizdə dinlənilir.
Bütün qoxular beyinin içində meydana gəlir
nose, smell,roseBir insandan qoxuları necə hiss etdiyini soruşsaq, çox güman ki: "Burnumla", - deyəcək. Əslində isə, bəzi insanların qəti həqiqət kimi gördüyü bu cavab doğru deyil. Yale Universitetindən nevrologiya professoru Qordon Şeferd: "Burnumuzla qoxuladığımızı düşünürük, ancaq bu sanki "qulaq mərcəyi ilə eşidirik" demək kimi bir şeydir", - sözləri ilə bunun doğru olmadığını açıqlayır.9
Qoxu hissimizin funksiyası digər duyğu orqanlarımızın funksiyasına bənzəyir. Əslində, burnumuzun xaricdən görünən hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını içəri qəbul etməkdir. Vanil və ya gül qoxusu kim uçucu molekullar burunun epitel adlanan hissəsindəki titrək tüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə keçir. Qoxu molekullarının epitel bölgəsindəki əlaqəsi beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları isə beynimizdə qoxu kimi şərh edilir. Beləliklə, bizim xoş və ya pis adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsir nəticəsində elektrik siqnalına çevrildikdən sonra beyindəki şərh formasından başqa bir şey deyil. Ətri, çiçəyi, xoşladığınız yeməyin və ya dənizin qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Əslində, qoxu molekulları beyinə heç vaxt çatmır. Səs və görüntüdə olduğu kimi, qoxu hissində də beyninizə çatan yalnız elektrik siqnallarıdır.
Bu halda, qoxunun istiqaməti də yoxdur, çünki bütün qoxular beyninizdəki qoxu alma mərkəzində dərk olunur. Məsələn, piroqun qoxusu sobadan, yeməyin qoxusu mətbəxdən, doqquzdon bitkisinin qoxusu bağdan, dənizin qoxusu metrlərlə uzaqlıqdakı dənizdən gəlmir. Hamısı tək nöqtədə, beyninizdəki lazımi yerdə dərk olunur. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Bunların hər biri ilk baxışda müxtəlif təsirlərlə və müxtəlif tərəflərdən gəlirmiş kimi görünsə də, əslində, hamısı beyində əmələ gəlir. Qoxu alma mərkəzində əmələ gələn təsirləri xarici aləmdəki maddələrin qoxusu hesab edirsiniz. Əslində isə, gülün görüntüsü necə görmə mərkəzinin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu alma mərkəzinin içindədir. Xarici aləmdə həqiqi qoxu varsa da, sizin bunun əsli ilə təmasda olmağınız əsla mümkün deyil.
Corc Berkeley bu vacib həqiqəti anlayan mütəfəkkir kimi: "Əvvəl rənglərin, qoxuların və s. həqiqətdə mövcud olduğu hesab edilirdi; ancaq daha sonra bu cür baxışlar rədd edildi və aydın oldu ki, bunlar ancaq duyğularımız sayəsində var", - deyir.
Qoxunun hiss olduğunu anlamaq üçün yuxuları düşünmək də faydalı ola bilər. İnsanlar yuxularında bütün görüntüləri çox həqiqi şəkildə necə görə bilirsə, eyni şəkildə, yuxularında bütün qoxuları da həqiqətdə olduğu kimi duyurlar. Məsələn, yuxuda restorana gedən hər hansı bir şəxs yeməyini menyuda olan yeməklərin qoxuları arasında yeyir, dəniz kənarına gəzintiyə çıxan biri dənizin özünəməxsus qoxusunu duyur, çobanyastığı bağçasına girən biri o mükəmməl qoxulardan həzz alır və yaxud başqa biri ətriyyat mağazasına girərək özünə ətir seçir və hətta bu ətirlərin qoxusunu tək-tək ayırd edə bilir. Hər şey o qədər həqiqi olur ki, həmin şəxs yuxudan oyandıqda bu vəziyyətə təəccüb edir.
Bu mövzunu anlamaq üçün, əslində, yuxuları düşünməyə də lüzum yoxdur. Sadaladığımız təsvirləri hal-hazırda xəyal edib düşünməyiniz də kifayətdir. Məsələn, indi hər hansı bir çobanyastığı qoxusunu düşünün. Əlinizdə çobanyastığı olmadığına baxmayaraq, əgər fikirlərinizi cəmləsəniz, çobanyastığı qoxusunu hiss edə bilərsiniz. Qoxu o anda beyninizdə əmələ gələcəkdir. Necə hal-hazırda ananızı gözünüzün önünə gətirmək istədikdə ananızın yanınızda olmadığına baxmayaraq onu zehninizdə görə bilirsinizsə, buna bənzər şəkildə çobanyastığının qoxusunu da zehninizdə duya bilirsiniz.
Vaşinqton Universitetindən psixoloq Maykl Posner və nevroloq Markus Reyçl xarici aləmdən hər hansı bir siqnal gəlmədiyi halda görüntü və ya başqa bir hissin necə əmələ gəldiyi haqqında belə izahlar verirlər:
Gözlərinizi açın, bir mənzərə sizin qarşınızda canlanacaq. Gözlərinizi yumun və o mənzərəni düşünün. Bu şəkildə, o mənzərənin görüntüsünü xəyal edə bilərsiniz, qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərədən canlılığı, aydınlığı və tamlığı ilə fərqlənmir. Lakin hələ mənzərənin əsas xüsusiyyətlərinə malik tərzdədir. Hər iki vəziyyətdə də mənzərənin görüntüsü zehində əmələ gəlir. Əyani şəkildə görərək əmələ gələn görüntü xəyal edilən görüntüdən fərqləndirilməsi baxımından "hiss" adlandırılır. Hiss tor qişaya təsir edən və daha sonra beyində müəyyən prosesdən keçiriləcək siqnalları göndərən işığın məhsulu kimi ortaya çıxır. Lakin bu siqnalları göndərmək üçün heç bir işıq tor qişaya təsir etmədikdə bir görüntünü necə əmələ gətiririk?10
Göründüyü kimi, görüntünün zehnimizdə əmələ gəlməsi üçün xarici aləmdə hər hansı bir mənbənin olmasına ehtiyac yoxdur. Eyni vəziyyət qoxu hissinə də aiddir. Necə ki, yuxuda və ya xəyalınızda olmayan bir qoxunu duya bilirsinizsə, gerçək həyatda da qoxusunu duyduğunuz cisimlərin xarici aləmdə necə olduğunu bilmirsiniz. Əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz.
Bütün dadlar beyində əmələ gəlir
Dadbilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər. İnsan dilinin ön tərəfində dörd müxtəlif növdə kimyəvi reseptor var, bunlar duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorları ardıcıl proseslərdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə yollayır. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh edilir. Hər hansı bir tortu, qatığı, limonu və ya sevdiyiniz meyvəni yedikdə aldığınız dad, əslində, elektrik siqnallarının beyin tərəfindən şərh edilməsidir.
Beyninizdə əmələ gələn tort görüntüsünə beyninizdə əmələ gələn şirin dad əlavə edilir və tort haqqında hər şey sevdiyiniz hala gəlir. Siz iştaha ilə tortu yedikdə aldığınız dad elektrik siqnallarının beyninizdə əmələ gətirdiyi təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn siqnalları necə şərh edirsə, siz ancaq onu bilirsiniz. Xarici aləmdəki cisimlə əsla təmasda ola bilməzsiniz. Məsələn, şokoladın özünü görməz, qoxulaya və dada bilməzsiniz. Beyninizə gedən dadbilmə sinirləri kəsilərsə, o anda yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dad duyğunuzu tamamilə itirərsiniz. Aldığınız dadların olduqca həqiqi olması, üstəlik, onlara aid görüntüləri görməyiniz sizi aldatmasın. Mövzunun elmi açıqlaması bu şəkildədir.
Toxunma hissi də beyində əmələ gəlir
İnsanların yuxarıda izah edilən həqiqətlərə, yəni görmə, eşitmə, dadbilmə kimi hisslərin hamısının beyində əmələ gəlməsi hissini dərk etməyə mane olan ən əsas amillərdən biri toxunma hissidir. Məsələn, bu kitabı beynində gördüyünü dediyiniz insan diqqətli düşünmədikdə: "Beynimdə görmürəm, bax, əlimlə toxunuram", -deyər. "Bu kitabın xarici aləmdə maddi cəhətdən necə olduğunu bilmirik, biz sadəcə kitabın beynimizin içindəki görüntüsünü görə bilirik", - dedikdə yenə eyni səthi düşüncəyə malik bir insan: "Xeyr, bax, əlimlə tuturam və bərkliyini hiss edirəm, deməli, necə olduğunu bilirəm", -deyə cavab verər.
Əslində isə, bu insanların anlaya bilmədikləri və ya anlamadıqları kimi davrandıqları həqiqət budur: bütün digər duyğu orqanlarımız kimi, toxunma hissi də beyində əmələ gəlir. Yəni siz hər hansı bir cismə toxunduqda onun bərk, yumşaq, nəm, yapışqan və ya zərif olduğunu beyninizdə hiss edirsiniz. Barmaq uclarınıza gələn təsirlər beyninizə elektrik siqnalı kimi ötürülür və beyninizdə bu siqnallar toxunma hissi kimi şərh edilir. Məsələn, siz hamar olmayan səthə toxunduqda onun nahamar olub-olmadığını və ya hamar olmayan yerin necə hiss oyandırdığını əsla bilmirsiniz. Çünki siz hamar olmayan səthin əslinə heç vaxt toxuna bilməzsiniz. Sizin hamar olmayan yer haqqında hissləriniz beyninizin müəyyən siqnalları şərh etmə şəklidir.
Çay içərək yaxın dostu ilə söhbət edən insan isti çay stəkanına toxunduqda əli yanarkən dərhal stəkanı əlindən qoyur. Ancaq burada da sözügedən şəxs stəkanın istiliyini əlində deyil, beynində hiss edir. Həmin şəxs çayın dadını və qoxusunu da beynində hiss edir, görüntüsünü isə beynində görür. Lakin insan ləzzətlə içdiyi çayın beynindəki surəti ilə təmasda olduğunun fərqinə varmayaraq, stəkanın əsli ilə təmasda olduğunu zənn edir və görüntüsü beynində əmələ gələn dostu ilə söhbət edir. Əslində, bu, çox qeyri-adi vəziyyətdir. İnsanın stəkanın bərkliyindən, istiliyindən, çayın qoxusundan, dadından təsirlənərək stəkanın əslinə toxunduğunu, çayın əslini içdiyini düşünməsi bu şəxsə beynində yaşadılan hisslərin heyrətamiz dərəcədə aydın və mükəmməl olduğunu göstərir. Üzərində diqqətlə düşünməli bu vacib həqiqəti XX əsrin məşhur mütəfəkkiri Bertrand Rassel belə ifadə etmişdir:
... Barmaqlarımızla stola əl vurduğumuz andakı toxunma hissinə gəlincə, bu, barmaq uclarındakı elektron və protonlar üzərindəki elektrik təsiridir. Müasir fizikaya görə, stoldakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir başqa yolla ortaya çıxsaydı, heç masa olmadığına baxmayaraq, eyni şeyi hiss edərdik.11
Rasselin diqqət çəkdiyi cəhət son dərəcə əhəmiyyətlidir. Həqiqətən də, əgər barmaq uclarımıza başqa bir yolla təsir edilsə, çox fərqli hissləri duya bilərik. Belə ki, sonrakı səhifələrdə ətraflı şəkildə açıqladığımız kimi, dövrümüzdə simulyatorlar vasitəsilə bu edilir. Ələ taxılan xüsusi əlcəklə insan həmin mühitdə olmadığı halda pişiyi oxşadığını, əl verib görüşdüyünü, suyun altında əlini yuduğunu və ya bərk cismə toxunduğunu hiss edir. Əslində isə, toxunduğunu hiss etdiyi bu varlıqların heç biri yoxdur. Bütün bunlar insanın həyatındakı bütün hissləri beynində qavradığının qəti dəlilidir.