Hİsslər dünyası
Beynimizdə əmələ gələn dünyanın əsli ilə əsla təmasda ola bilmərik
Həyatımız boyu yaşadığımız, gördüyümüz, hiss etdiyimiz hər şey beynimizdə meydana gəlir. Məsələn, kresloda oturaraq pəncərədən çölə baxan hər hansı bir insan kreslonun bərkliyini, döşəmənin sürüşkənliyini beynində hiss edir. Mətbəxdən gələn qəhvə qoxusu mətbəxdə, yəni uzaqda deyil, beyninin içindədir. Pəncərədən gördüyü dəniz mənzərəsi, quşlar, ağaclar beynində əmələ gələn görüntülərdir. Onu qəhvəyə qonaq edən dostu və qəhvənin gözəl dadı da beynində əmələ gəlir. Qısası, evində oturduğunu və pəncərədən çölə baxdığını zənn edən insan, əslində, beyninin içindəki ekrandan salona, pəncərədən görünən mənzərəyə baxır. Belə ki, insan beynindəki ekranda baxdığı, mənalı şəkildə cəm edilən hisslərinin bütününə həyat deyə bilər və heç bir zaman beynindən kənara çıxa bilməz.
Baxdığımız bu ekrandan kənarda maddənin həqiqətinin necə olduğunu heç vaxt bilə bilmərik. Əslinin də bizim gördüyümüz kimi olub-olmadığını, məsələn, yarpağın rənginin xarici aləmdə də yaşıl olub-olmadığını bilmirik. Yediyimiz konfetin dadının bu cür olduğunu, yoxsa beynimizin onu bu cür şərh etdiyini öyrənmək imkanımız qətiyyən yoxdur. Məsələn, daha əvvəl gördüyünüz bir mənzərəni gözünüzdə canlandırın. Mənzərə qarşınızda deyil, amma onu beyninizdə görürsünüz. Bununla bağlı elmi yazıçı Rita Karter belə deyir:
Bir üz və ya mənzərə gördükdə tam əslini görmürük, gördüyümüz orijinalının şərhi və ya tamamilə yenidən işlənmiş formasıdır... Bunlar nə qədər çox yaxşı surətlər olsa da, orijinalından əksik və ya fərqlidir.12
Eyni vəziyyət o mənzərəyə baxdığınız an üçün də əsaslıdır. Mənzərəni uzaq yerdən gözünüzdə canlandırmağınızla qarşısında durub ona baxmağınız arasında heç bir fərq yoxdur. Dolayısilə, mənzərəyə baxarkən onun əslini deyil, beyninizdə işlənmiş formasını görürsünüz.
Bu barədə bir az düşünən insan bu həqiqəti bütün aydınlığı ilə görəcəkdir. Bu insanlardan biri olan Corc Berkeley "İnsan bilgisinin prinsipləri üzərində tədqiqat" adlı əsərində bu həqiqəti belə ifadə edir:
... Görmə yolu ilə işıq və rəng, onların müxtəlif dərəcələri və fərqləri düşüncəsinə malik oluram. Toxunma ilə yumşağı və bərki, isti və soyuğu qavrayıram... Qoxu alma mənə qoxuları, dadbilmə dadları, eşitmə isə səsləri öyrədir... Bu hisslərdən bəziləri birlikdə müşahidə olunduqları üçün onlara ortaq ad verilir və onlar bir şey hesab edilirlər. Beləliklə, məsələn, müəyyən nizamlama içərisində rəng, dad, qoxu, forma və bərklik birlikdə müşahidə edildikdə alma sözü ifadə edilən ayrı bir şey kimi qəbul edilir; digər hisslər cəmi ilə daş, ağac, kitab və digər hiss edilən şeyləri meydana gətirirlər...13
Berkeleyin bu sözlərində ifadə etdiyi həqiqət budur: beynimizdə yaşadığımız müxtəlif duyğuların cəmlənməsi ilə bir cismi tərif edirik. Bu misalda olduğu kimi, almanın dadı, qoxusu, bərkliyi, qırmızı rəngi, yuvarlaqlığı və digər xüsusiyyətləri ilə bağlı hisslər beynimizdə bütünlükdə qavranılır və biz bu bütünə "alma" deyirik. Amma biz heç vaxt almanın əsli ilə təmasda ola bilmərik. Bizim tək görə bildiyimiz, qoxulaya bildiyimiz, dada bildiyimiz, toxuna bildiyimiz və ya hiss edə bildiyimiz beynimizdəki surətlərdir.
Buraya qədər izah edilənləri yenidən düşündükdə bu həqiqət bütün açıqlığı ilə ortaya çıxacaqdır. Məsələn,
- İşığın olmadığı beyində rəngarəng işıqlarla bəzənmiş prospektə, bütün rəngləri, canlılığı və parlaqlığı ilə baxa biliriksə, onda bu prospektin, işıqlı lövhələrin, vitrinlərin, küçə işıqlarının, avtomobillərin işıqlarının beynimizdəki elektrik siqnallarından ibarət surətlərini görürük.
- Beynimizə heç bir səs girə bilmədiyi üçün biz heç bir zaman yaxınlarımızın səslərinin əslini eşidə bilmərik. Eşitdiklərimiz hər zaman surətidir.
- Biz heç vaxt dənizin sərinliyini, günəşin istiliyini hiss edə bilmərik. Biz daima beynimizdə onların surətlərini hiss edirik.
- Eyni şəkildə, bu günə qədər heç bir insan nanənin əslinin dadına baxmamışdır. Nanə kimi hiss etdiyi dad, əslində, beynində əmələ gələn hissdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə də əslinin qoxusunu və dadını ala bilər.
Beləliklə, biz həyatımız boyu bizə göstərilən surətləri qavramaqla yaşayırıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt bunun surət olduğunun fərqinə varmırıq. Məsələn, indi başınızı qaldırın və olduğunuz otaqda gözünüzü ətrafa gəzdirin. Özünüzü içində mebellər olan otağın içində görürsünüz. Oturduğunuz kreslonun qollarına toxunduqda sanki həqiqətən bu qolların əslinə toxunurmuş kimi bərkliyini hiss edirsiniz. Göstərilən görüntülərin həqiqiliyi, bu görüntülərin yaradılışındakı sənətin mükəmməlliyi sizi və sizin kimi milyardlarla insanı bunların xarici aləmdəki maddənin özü olduğuna inandırmaq üçün kifayətdir. Hətta insanlar o qədər inanırlar ki, dünyaya aid bütün hisslərin beyinlərində yarandığını orta sinif kitablarında oxuduqlarına və hətta bioloji kitablar bu həqiqətlərlə dolu olduğuna baxmayaraq, bunların beyinlərindəki surətləri ilə təmasda olduqlarına çətinliklə inana bilirlər. Bunun səbəbi görüntünün möhtəşəm sənətlə, son dərəcə həqiqi və qüsursuz şəkildə yaradılmasıdır.
Bu günə qədər heç bir insan beynindəki hisslərdən kənara çıxa bilməmişdir. Hər insan beynindəki hüceyrənin içində yaşayır və duyğularının ona göstərdiklərindən başqa heç bir şey hiss edə bilməz. Ona görə, duyğuları xaricindəki dünyada nələr olduğunu heç vaxt bilməz. Bu səbəbdən, "maddənin əslini bilirəm" demək səhv mühakimədir, çünki heç bir insanın buna dair dəlili yoxdur. İnsan sadəcə beynində əmələ gələn xəyal ilə təmasda olur. Məsələn, rəngarəng çiçəklərlə bəzənmiş bağçanı gəzən insan bu bağçanın əslini deyil, beynindəki surətini görür. Ancaq bu bağça o qədər həqiqidir ki, hər insan xəyalında əmələ gələn bu bağçadan həqiqi imiş kimi zövq alır. Hətta bu günə qədər milyardlarla insan bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü hesab etmişdir.
Bundan əlavə, bunu da bildirməliyik ki, texnologiyanın və ya elmin inkişafı da bunu dəyişdirmir. Çünki hər elmi tapıntı və ya texnoloji kəşf də insanların beynində əmələ gələcək, ona görə, bu yolla da xarici aləmə çıxmaq mümkün olmayacaq.
Uzaqlıq hissi də beyində əmələ gəlir
Avtomobillər, siqnal səsləri, mağazalar, binalar... Bir küçəyə baxdıqda qarşılaşdığınız bu mənzərə sizə çox aydın, çox həqiqi görünür. Ona görə, insanların böyük bir qismi gördükləri bu mənzərənin beyinlərində əmələ gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar. Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması mümkün deyil.
Görüntünü bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu xam maddələrdən o qədər qüsursuz şəkildə istifadə edilmişdir ki, beynimizdə üç ölçülü, rəngli və canlı görüntü halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç fərqinə varmadan bütün ömür boyu həqiqi zənn edərək içində yaşadığımız və sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxır.
İndi özünüzü avtomobil sürərkən təsəvvür edin. Avtomobilin rolunu özünüzdən bir qol məsafədə, küçə işıqlarını isə bir neçə yüz metr qarşıda görürsünüz. Qarşınızdakı avtomobil ilə aranızda təxminən 10 metr məsafə var. Üfüqdə görünən dağlar isə kilometrlərlə uzaqdadırlar. Ancaq bu təxminlərinizin hamısı səhvdir! Nə dağlar, nə də qarşınızdakı avtomobil o qədər uzaqda deyil. Bütün bu görüntülər bir film pərdəsi kimi beyninizdə tək bir səthdə, iki ölçülü şəkildə yerləşir. Bəs onda bu məsafə və dərinlik hissi necə əmələ gəlir?
Məsafə dediyimiz hiss bir növ üç ölçülü görmə formasıdır. Görüntülərdə məsafə və dərinlik hissini yaradan şeylər isə perspektiv, kölgə və hərəkət dediyimiz ünsürlərdir. Optika elmində məkan (space) hissi deyilən bu hiss forması çox qarışıq sistemlərlə təmin olunur. Bu sistemi ən asan yolla belə izah edə bilərik: əslində, gözümüzə gələn görüntü sadəcə iki ölçülüdür. Yəni hündürlük və en ölçülərinə malikdir. Göz bülluruna gələn görüntülərin ölçüləri və iki gözün eyni anda iki fərqli görüntü görməsi dərinlik və məsafə hissini əmələ gətirir. Bizim hər bir gözümüzə düşən görüntü digər gözə gələn görüntüdən bucaq, işıq kimi ünsürlər baxımından fərqlənir. Beyin bu iki fərqli görüntünü vahid rəsm halına salaraq dərinlik və məsafə hissini əmələ gətirir.
Bunu daha yaxşı anlamaq üçün bir təcrübə keçirə bilərik. Əvvəlcə, sağ qolunuzu bacardıqca irəli uzadın və şəhadət barmağınızı qaldırın. İndi gözlərinizi barmağınıza zilləyərək növbə ilə sağ və sol gözlərinizi yumub açın. İki gözə fərqli iki görüntü gəldiyi üçün barmağın bir az yerini dəyişdirdiyini və ya sürüşdüyünü görəcəksiniz. İndi iki gözünüzü də açaraq sağ şəhadət barmağına zilləyərkən sol əlinizin şəhadət barmağını mümkün olduğu qədər gözlərinizə yaxınlaşdırın. Yaxındakı barmağın cüt görüntü əmələ gətirdiyini görəcəksiniz, bu isə duyğu sistemində uzaqdakı barmaqdan fərqli dərinlik hissi əmələ gəlməsinə görədir. İndi bu vəziyyətdə ikən gözlərinizi növbə ilə yumub-açsanız, yaxındakı barmağın daha çox yer dəyişdirdiyini görəcəksiniz, çünki iki gözə düşən görüntülərin fərqi artmışdır.
Üç ölçülü film çəkilərkən də bu üsuldan istifadə edilir; iki müxtəlif bucaqdan çəkilən görüntü eyni ekran üzərində əks etdirilir. Tamaşaçılar rəng filtri və ya polyarlaşdırıcı filtrli eynəklər taxırlar. Eynəyin şüşəsindəki filtrlər iki görüntüdən birini tutur, beyin bunları birləşdirib üç ölçülü görüntü halına salır.
İki ölçülü tor qişada dərinlik hissinin əmələ gəlməsi iki ölçülü rəsm kanvasında həqiqi dərinlik hissi yaratmağa çalışan rəssamların istifadə etdiyi üsula çox bənzəyir. Dərinlik hissini əmələ gətirən bəzi vacib ünsürlər var. Bunlar cisimlərin üst-üstə yerləşməsi, atmosfer perspektivi, tekstura dəyişikliyi, xətti perspektiv ölçü, yüksəklik və hərəkətdir. Tekstura dəyişikliyi dərinlik hissinin əmələ gətirilməsində son dərəcə vacibdir. Üzərində gəzdiyimiz səth, məsələn, yol və ya çiçəklərlə dolu çöl, əslində, bir teksturadır. Bizə yaxın olan teksturalar daha hərtərəfli, uzaqdakılar isə daha tutqun görünür. Ona görə, tekstura üzərində yerləşdirilən cisimlərin məsafəsi haqqında mühakimə yürütmək çox asandır. Bundan başqa, burada kölgə və işıq ünsürləri də birlikdə üç ölçülü görüntünü tamamlayır.
Belə ki, qabiliyyətli rəssamların çəkdiyi rəsmlərə heyranlıqla baxmağımızın səbəbi kölgə və perspektiv ünsürlərindən istifadə edərək rəsmə verdikləri dərinlik və canlılıq hissidir.
Perspektiv uzaqdakı şeylərin müşahidəçiyə görə yaxındakı şeylərə nisbətən daha kiçik görünməsindən irəli gəlir. Məsələn, bir mənzərə rəsminə baxdıqda uzaqdakı ağaclar kiçik, yaxındakı ağaclar böyük görünür və ya arxa plandakı dağ rəsmi ön plandakı insan rəsmindən daha kiçik çəkilir. Xətti perspektivdə isə rəssamlar paralel xətlərdən istifadə edirlər. Məsələn, qatar relsləri üfüq xəttində birləşərək məsafə və dərinlik hissini əmələ gətirirlər.
Rəssamların rəsmlərində istifadə etdikləri üsul beynimizdə meydana gələn görüntüyə də aiddir. Beynimizdəki iki ölçülü məkanda dərinlik, işıq, kölgə eyni üsulla meydana gəlir. Bir görüntüdə təfərrüatlar, yəni işıq, kölgə və ölçülər nə qədər hərtərəflidirsə, o görüntü o qədər həqiqi olur və hisslərimizi aldadır. Beləliklə, biz üçüncü ölçü olan dərinlik və məsafə varmış kimi hərəkət edirik. Halbuki, gördüyümüz bütün görüntülər film kadrı kimi tək bir səth üzərindədir. Beynimizdəki görmə mərkəzi son dərəcə kiçikdir! Bütün o uzaq məsafələr, uzaqdakı evlər, göydəki ulduzlar, Ay, Günəş, havada uçan təyyarələr, quşlar kimi görüntülər bu kiçik məkana sığışdırılır. Yəni sizin baxıb minlərlə kilometr yuxarıda dediyiniz təyyarə ilə əlinizi uzadaraq tuta bildiyiniz stəkan arasında texniki bir məsafə yoxdur, hamısı beyninizdəki qavrama mərkəzində tək bir səth üzərindədir.
Məsələn, üfüqdə gözdən itməkdə olan gəmi, əslində, sizdən kilometrlərlə uzaqda deyil. Gəmi sizin beyninizin içindədir. Baxdığınız pəncərənin çərçivəsi, pəncərənin qarşısındakı qovaq ağacı, evinizin qarşısından keçən yol, dəniz və dənizdə hərəkət edən gəmi də daxil olmaqla, beyninizdəki görmə mərkəzində, yəni iki ölçülü məkanda əmələ gəlir. Bir rəssam böyüklük və kiçiklik kimi nisbətləri, rəng, kölgə və işıq kimi xam maddələrdən və perspektivdən istifadə edərək uzaqlıq hissini iki ölçülü rəsmdə necə göstərə bilirsə, bizim beynimizdə də buna bənzər şəkildə uzaqlıq hissi olur. Nəticədə, gördüklərimizi özümüzdən uzaqda imiş kimi qavramağımız, gördüklərimizlə aramızda bir məsafə olması bizi yanıltmalı deyil. Çünki məsafə də digərləri kimi bir hissdir.
Siz otağın içindəsiniz, yoxsa otaq sizin içinizdədir?
İnsanların gördüklərinin beyinlərində bir hiss olduğunu dərk etmələrinə mane olan səbəblərdən biri də bədənlərini də bu görüntünün içində görmələridir. "Mən bu otağın içində olduğuma görə, deməli, bu otaq mənim beynimdə əmələ gəlmir" kimi səhv düşünürlər. Onları bu səhv nəticəyə aparan səbəb odur ki, öz bədənlərinin də görüntüsü ilə təmasda olurlar və bunu unudurlar. Ətrafımızda gördüyümüz hər şey necə sadəcə xəyali görüntülərdən ibarətdirsə, öz bədənimiz də eyni şəkildə beynimizin içində əmələ gələn bir xəyali görüntüdür. Məsələn, hal-hazırda oturduğunuz kresloda boynunuzdan aşağıda qalan hissəni görürsünüz. Bu görüntü də digərləri kimi eyni sistemlə meydana gəlir. Əlinizi ayağınızın üzərinə qoyduqda bu toxunma hissi də beyninizdə əmələ gəlir. Yəni siz hal-hazırda beyninizdə əmələ gələn bədəninizi görür və ona toxunduğunuzu beyninizdə hiss edirsiniz.
Bədəniniz də beyninizdə bir görüntü olduğuna görə, otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz? Aydındır ki, bu sualın doğru cavabı belədir: otaq sizin içinizdədir. Siz beyninizdəki otaq görüntüsünün içindəki bədəninizin görüntüsünü görürsünüz.
Bunu bir başqa misalla bir az da açıqlayaq. Təsəvvür edin ki, liftin düyməsinə basdınız və lift gəldikdə yuxarı mərtəbədəki qonşunuz da liftin içindədir. Liftə mindiniz. Əslində, siz liftin içindəsiniz, yoxsa lift sizin içinizdədir? Həqiqət budur: lift içindəki qonşunuzun və bədəninizin görüntüsü ilə birlikdə sizin beyninizdə əmələ gəlir.
Beləliklə, biz heç bir şeyin içində ola bilmərik. Hər şey bizim içimizdə, yəni beynimizdə əmələ gəlir. Günəşin, Ayın, ulduzların və ya göydə uçan təyyarənin bizdən milyon kilometrlərlə uzaqlıqda olması da bu həqiqəti dəyişdirmir. Günəş və Ay da eynilə əlimizdə tutduğunuz bu kitab kimi sizin beyninizin içindəki kiçik görmə mərkəzində əmələ gələn xəyali görüntülərdir.
Süni şəkildə əmələ gətirilən hisslər
Yazıçı Rita Karter "Mapping the mind" adlı kitabında: "Görmək üçün gözlərə ehtiyac yoxdur", -deyərək elm adamları tərəfindən həyata keçirilən çox əhəmiyyətli təcrübəyə yer verir. Təcrübədə görmə qabiliyyətindən məhrum olan şəxslərə video rəsmləri titrəyişlərə çevirən cihaz birləşdirilmişdir. Bu şəxslərin gözlərinin yanına taxılan kamera isə siqnalları həmin şəxsin beyninə göndərirdi. Beləliklə, bu şəxs davamlı şəkildə vizual dünyadan siqnalları qəbul edə bilirdi. Xəstələr bir müddət sonra, həqiqətən, görən insan kimi davranmağa başladılar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün linza vardı. Bu linza xəstəyə xəbər verilmədən işə salındıqda, xəstə görüntü böyüyərək üzərinə gəldiyini gördüyü üçün iki qolu ilə özünü qorumağa çalışmışdır.14 Bu təcrübədən də göründüyü kimi, hisslərimizin əmələ gəlməsi üçün süni şəkildə əmələ gətirilən hisslər də kifayətdir.
Yuxuda yaşadığımız hisslər dünyası
İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, siqnalların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çox insanın olduğu yerdə, təhlükədə görə bilər. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilər. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini, həqiqətən, təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə ürəyi ağzına gəlir, qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nələr hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə, zehnindən kənarda gördüklərinin heç biri yoxdur.
Yuxuda yüksək bir yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edir. Əslində isə, o anda yatağında heç tərpənmədən yatır. Yuxuda ayağı sürüşərək su çuxuruna yıxıldığını görən bir insan bütün paltarlarının islandığını, küləkdən üşüdüyünü hiss edə bilər. Ancaq olduğu yerdə nə su çuxuru, nə də külək var. Hətta çox isti otaqda yatdığına baxmayaraq, nəmliyi və üşüməyi eynilə oyaq vaxtda olduğu kimi hiss edir.
Yuxusunda maddənin əsli ilə təmasda olduğunu iddia edən insan özündən son dərəcə əmin ola bilər. Ona maddənin xəyali görüntüsü ilə təmasda olduğunu, xarici aləmin əsli ilə təmasda olmağın mümkün olmadığını izah edən dostunun çiyninə əlini qoyaraq: "İndi mən xəyalam? Sən əlimi çiynində hiss etmirsənmi? Elə isə necə xəyali görüntü ola bilərsən? Hardan çıxarırsan bu iddiaları? Gəl səninlə gəzintiyə çıxaq, həm bu mövzu haqqında danışarıq, həm də belə bir mövzuya nə üçün inandığını mənə izah edərsən", - deyə bilər.
Gördüyü yuxusu o qədər aydın olur ki, rahatlıqla avtomobili işə salıb, motora qaz verir və sonra birdən pedala basaraq avtomobili hərəkətə gətirir. Yolda sürətlə gedərkən ağaclar və yol xətləri sürətdən sanki göz aparan görüntü əmələ gətirir. Bir tərəfdən də təmiz dəniz havasını alır. Elə dostuna etiraz etməyə, o anda yaşadıqlarının xəyal olmadığını anlatmağa hazırlaşarkən saatının zənginə oyanır. Ancaq maraqlıdır ki, yuxuda gördüklərinin xəyal olduğuna etiraz edən bu insan oyaq olarkən də gördüklərinin zehnində əmələ gələn xəyali görüntülər olduğunu izah edən dostu yanında olsa, ona da eyni şəkildə etiraz edəcəkdir.
İnsanlar yuxudan oyandıqda o ana qədər gördüklərinin xəyal olduğunu anlayırlar, ancaq oyanma görüntüsü ilə başlayan və adına həqiqi həyat dedikləri həyatın xəyal ola biləcəyindən nədənsə heç şübhələnmirlər. Əslində isə, həqiqi həyatımız dediyimiz görüntüləri qavrama forması yuxularımızı qavrama forması ilə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük və yuxudan oyanmadıqca onların bir xəyal olduğunu anlamırıq. Ancaq oyandığımız zaman: "Deməli, gördüklərim bir yuxu imiş", - deyirik. Elə isə hal-hazırda gördüklərimizin yuxu olmadığını necə sübut edə bilərik? Sadəcə hələ oyandırılmadığımız üçün içində olduğumuz anı həqiqi zənn edə bilərik.
Hər gecə gördüyümüz yuxulardan daha uzun davam edən bu yuxudan bir gün oyandırıldıqda bu həqiqətlə qarşılaşa bilərik və bunun əksini söyləyəcək heç bir dəlilimiz yoxdur.
Dünya həyatının bir yuxu kimi olduğu, ancaq bu yuxudan böyük oyanma ilə oyandıqda insanların yuxu kimi bir aləmdə yaşadıqlarını anlayacaqları İslam alimləri tərəfindən də dilə gətirilən bir həqiqətdir. Üstün elminə görə şeyxi-əkbər (ən böyük şeyx) kimi tanınan böyük İslam alimi Muhyiddin Ərəbi bir sözündə Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) bir hədisini söyləyərək dünya həyatını yuxularımıza belə bənzətmişdir:
Həzrəti Muhəmməd əleyhissəlam: "İnsanlar yuxudadır, öldükləri vaxt oyanacaqlar", -buyurmuşdur. Deməli, dünya həyatında gördüyü şeylər yatan şəxsin yuxusunda gördüyü şeylər kimidir. Yəni xəyaldır.15
Bir ayədə isə Allah insanların qiyamət günündə yenidən dirildildikdə belə deyəcəklərini bildirir:
Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!" (Yasin surəsi, 52)
Ayədən də göründüyü kimi, insanlar qiyamət günü eynilə yuxudan oyanan kimi oyanırlar. İnsan dərin yuxuya getdiyi və yuxu gördüyü anda birdən oyandırıldıqda onu oyandıranın kim olduğunu necə soruşursa, bu insanlar da eyni şəkildə onları kimin oyandırdığını soruşurlar.
Bu ayədə də diqqət çəkildiyi kimi, dünya həyatı gördüyümüz bir yuxu kimidir və hər insan bu yuxudan oyandırılacaq və gerçək həyatı olan axirət həyatına dair görüntüləri görməyə başlayacaqdır.
Süni şəkildə əmələ gətirilən dünyalara digər nümunələr
Xarici dünya olmadan hisslərin çox həqiqi şəkildə yaşana biləcəyinə dair dövrümüzün texnologiyasında da çox əhəmiyyətli nümunələr var. Xüsusilə son illərdə böyük irəliləyiş göstərən "xəyali gerçəklik" anlayışı çox diqqət çəkir.
Xəyali gerçəklik ən sadə formada kompyuterdə canlandırılan üç ölçülü görüntülərin bəzi cihazlar vasitəsilə insanlara gerçək dünya kimi göstərilməsidir. Bu gün bir çox sahədə fərqli məqsədlərlə istifadə edilən bu texnologiya bu səbəbdən "süni həqiqət", "xəyali dünyalar", "xəyali mühit" kimi də adlandırılır.
Xəyali gerçəkliyin ən əhəmiyyətli xüsusiyyəti odur ki, xüsusi alətlərdən istifadə edən şəxs gördüyü görüntünü həqiqi zənn edir, hətta bu görüntünün içinə dalır. Ona görə, son illərdə xəyali gerçəklik ifadəsinin ingiliscə qarşılığının əvvəlində "immersive" sözündən də istifadə edilir və bu sözün mənası "batırmaq, qərq etmək, içinə dalmaq"dır. (İmmersive Virtual Reality: daldıran xəyali gerçəklik).
Xəyali dünya əmələ gətirmək üçün istifadə edilən alətlər görüntünü göstərən ekranı olan kaska, toxunma hissi verən elektron əlcəkdir. Kaskanın içindəki alət isə davamlı olaraq başın hərəkətlərinə və istiqamətinə nəzarət edərək görüntünün başın istiqaməti və duruşu ilə mütənasib şəkildə ekrana gəlməsini təmin edir. Bəzən otaq böyüklüyündəki kubşəkilli yerin bütün divarlarında və döşəməsində stereo görüntülər əks etdirilir və bu otağa girən insanlar taxdıqları stereo eynəklərlə otaqda dolaşaraq özlərini tamamilə başqa məkanlarda, məsələn, şəlalə kənarında, dağın zirvəsində, dənizin ortasındakı gəminin göyərtəsində günəş şüaları altında dincələrkən görə bilərlər. Başa taxılan kaskalar üç ölçülü, dərinlik və məkan hissi olan görüntülər əmələ gətirirlər. Görüntülər insan ölçüləri ilə nisbətdə verilir və əlcək kimi bəzi alətlərlə toxunma hissi təmin edilir. Beləliklə, bu alətlərdən istifadə edən edən şəxs gördüyü xəyali dünyadakı əşyalara toxuna bilir, onların yerlərini dəyişdirə bilirlər. Bu məkanlarda insanın gördüyü görüntüdəki səslər də son dərəcə inandırıcıdır. Səs hər tərəfdən fərqli dərinliklərdə verilir. Bəzi hallarda dünyanın müxtəlif yerlərindəki bir neçə insana eyni xəyali mühit göstərilə bilir. Beləliklə, məsələn, dünyanın müxtəlif ölkələrindən, hətta müxtəlif qitələrindən üç insan özlərini digərləri ilə birlikdə motorlu qayığa minərkən görə bilirlər.
Xəyali dünyanın əmələ gətirilməsi üçün lazım olan alətlərdə istifadə edilən sistem beş duyğu orqanımızın sistemi ilə eynilik təşkil edir. Məsələn, istifadəçinin əlinə taxdığı əlcəyin içindəki mexanizmin təsiri ilə barmaq uclarına bəzi siqnallar verilir və bu siqnallar beyinə ötürülür. Beyin bu siqnalları şərh etdikdə bu şəxs ətrafında olmadığı halda, ipək xalıya və ya üstü girintili-çıxıntılı olan vazaya toxunduğunu hiss edir.
Xəyali gerçəkliyin istifadə edilməyə başlandığı vacib sahələrdən biri tibbdir. Miçiqan Universitetində təkmilləşdirilən texnika ilə həkimliyə namizədlər və xüsusilə təcili yardım xidməti işçiləri süni əməliyyatxana mühitində təlim keçirlər. Burada otağın yerində və divarlarında əməliyyatxana ilə bağlı görüntülər, əməliyyatxananın ortasına isə əməliyyat stolu və xəstə görüntüsü əks etdirilir. Həkimliyə namizədlər isə üç ölçülü eynəklərini taxaraq bu xəyali xəstə üzərində əməliyyata başlayırlar. Şəkillərdən də göründüyü kimi bu şəkli görən bir insan hansının gerçək, hansının xəyali olduğunu anlamayacaqdır.
Bu nümunələrdə də göründüyü kimi, süni siqnallarla gerçək olmayan dünya gerçək kimi göstərilə bilir. Son illərdə çəkilən bəzi məşhur filmlərin bu mövzuya toxunması da son dərəcə diqqət çəkir. Məsələn, "The matrix" adlı Hollivud filmində filmin iki qəhrəmanı kresloda uzanmış vəziyyətdə ikən sinir sistemlərinə kompyuter qoşulduqda özlərini tamamilə başqa məkanlarda görürlər. Bir səhnədə uzaq şərq idman növü ilə məşğul olarkən, başqa birində isə özlərini başqa paltarlarda bir çox insanın olduğu küçədə gəzərkən görürlər. Filmin qəhrəmanı yaşadıqlarının həqiqiliyi qarşısında bunların kompyuter vasitəsilə əmələ gətirilən görüntülər olduğuna inana bilmədiyini söylədikdə isə kompyuter tərəfindən görüntü dondurulur və bu şəxs həqiqi sandığı dünyanın, əslində, bir görüntü olduğuna inandırılır.
Beləliklə, dövrümüzün texnologiyası ilə süni siqnallarla süni görüntülər, başqa sözlə, süni dünya əmələ gətirmək mümkündür. Bu süni görüntülərin həqiqilərindən heç bir fərqi olmadığı təcrübədən keçirənlər tərəfindən ifadə edilir. Elə isə biz də hər an gördüyümüz həyat görüntüsündə təmasda olduqlarımızın mütləq əsillərinin olduğunu iddia edə bilmərik. Çünki bu hisslərimizin səbəbi çox fərqli mənbə ola bilər.
Hipnozun göstərdiyi vacib həqiqət
Süni siqnallarla bir dünya əmələ gətirilməsi həqiqətinə ən yaxşı nümunələrdən biri də hipnozdur. Məlumdur ki, hipnozda hipnoz edilən şəxsin təlqinlər vasitəsilə həqiqisindən ayırd edilməyəcək qədər inandırıcı bir sıra hadisələri yaşaması təmin edilir. Sözügedən şəxs olduğu otaqda olmayan görüntüləri, adamları və ya mənzərələri görür, səsləri eşidir, qoxuları və dadları bilir. Bu müddətdə yaşadığı hadisələrdən sevinir, kədərlənir, həyəcanlanır, sıxıntı, təşviş keçirir. Hətta hipnoz altındakı şəxsin yaşadığı hadisələrin təsiri kənardan fiziki cəhətdən də müşahidə olunur, verilən təlqinlə əlaqədar nəbzin vurması, təzyiqin yüksəlməsi, dərisində qızartı əmələ gəlməsi, temperaturunun qalxması, mövcud ağrını hiss etməsi kimi əlamətlər meydana gəlir.16
Məsələn, hipnozun tətbiq edildiyi bir təcrübədə şəxsə xəstəxanada olduğu və bu xəstəxananın onuncu mərtəbəsində ölmək üzrə olan bir xəstə olduğu deyilmiş, ancaq onun əlindəki dərmanı tez çatdırdığı halda xəstənin həyatının qurtarılacağı təlqin edilmişdir. Bu şəxs hipnoz ərzində təlqinin təsiri ilə son dərəcə sürətlə 10 mərtəbəni yuxarı çıxmağa başladığını hesab etmişdir. Bu zaman tövşümüş, bərk yorulduğu üçün təngnəfəs olmuşdur. Sonra ona artıq ən yuxarı mərtəbəyə çatdığı və dərmanı çatdırdığı deyilmiş və rahat bir çarpayıya uzanması təlqin edilmişdir. Beləliklə, hipnoz edilən şəxs rahat olmağa başlamışdır.17 Hipnoz edilən şəxs ona təlqin edilən məkanı və mühiti bütün gerçəkliyi ilə yaşamasına baxmayaraq, ortada nə bəhs edildiyi kimi bir məkan, nə insanlar, nə də hadisələr vardır.
Digər təcrübədə isə normal otaqda olan şəxsə hamamda olduğu və hamamın çox isti olduğu təlqin edilmiş, bundan sonra həmin şəxs həddindən artıq tərləməyə başlamışdır.18 Burada çox vacib cəhət də diqqəti cəlb edir. İnsan bədənində tərləmə baş verməsi üçün bəzi təsirlərin meydana gəlməsi şərtdir. Bu hipnoz hadisəsində qarşılaşdığımız həqiqət isə budur: hipnoz edilən şəxs xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləmişdir. Bu nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək üçün o mühitin və ya məkanın əsli ilə təmasda olmaq şərt deyil. Süni siqnallar və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.
Milli Hipnoterapiya Dərnəyi, Milli Psixoterapiya Dərnəyi, Peşəkar Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Araşdırma Dərnəyi kimi bir çox qurumun üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terrens Vats bir məqaləsində hipnoz vaxtı keçmişdəki hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları hadisə ilə əlaqədar olaraq bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir. Məsələn, insanın danışdığı hadisədə nəfəs alma çətinliyi kimi vəziyyət baş vermişsə, hadisəni hipnoz altında danışdığı vaxtda yenə nəfəsi daralır, hətta bir müddət tamamilə dayanır. Vats hipnoz zamanı kiçik yaşlarında döyüldüyü anı danışan insanın üzündə şillə izlərinin meydana gəldiyini də bildirir. Bundan əlavə, Vats bunun sirr olmadığını, bədənin ağrıya cavab verdiyini bildirir.19
Hipnoz hadisələrində görülən ən təəccüblü nümunələrdən biri də hipnoz edilən şəxsin dərisində təlqin nəticəsində yaraların belə əmələ gəlməsidir. Məsələn, Paul Torsen adlı tədqiqatçı hipnozdakı şəxsin qoluna sadəcə qələmin ucunu toxundurmuş və bunun közərmiş şiş olduğunu təlqin etmişdir. Bir az sonra qələmin dəydiyi yer qabarmışdır. Eyni tədqiqatçı birisinə hipnoz vaxtı qolunun A hərfi şəklində sıyrıldığını təlqin etmişdir. Başqa bir şey etmədiyi halda, o yerdə A hərfi şəklində qızartı əmələ gəlmişdir.20 Buri və Burot adlı tədqiqatçılar isə hipnoz edilən şəxsə qolunun kəsildiyini təlqin edib yumşaq qələmlə azca cızmış və sonra qolundan qan sızdığını görmüşlər.21
J.A.Hadfild isə hipnoz etdiyi dənizçiyə qoluna isti dəmir vurduğunu və o yerin yanacağını söyləmişdir. Halbuki, sadəcə barmağının ucunu toxundurmuşdur. Sonra da o yeri sarımışdır. 6 saatdan sonra sarğı açıldıqda orada, həqiqətən, yüngül qızartı və qabarıq görünmüşdür. Hadfild: "Ertəsi gün qabarıq xeyli böyümüşdü və eynilə yanıq yeri kimi su yığılmışdı", - demişdir.22
Hipnoz vaxtı insan bədənində meydana gələn bu dəyişikliklər görmə, eşitmə, toxunma, hiss etmə, ağrı bilmə kimi hisslərimizin əmələ gəlməsi üçün xarici aləmə ehtiyacımızın olmadığını göstərir. Məsələn, xarici aləmdə qızarmış dəmirin olmadığına baxmayaraq, bu təlqini alan şəxsin qolunda yanıq izi əmələ gələ bilir.
Bütün bu nümunələrdən də məlum olduğu kimi, həm görüntünün necə əmələ gəldiyini tədqiq etdikdə, həm texnoloji nailiyyətlərə baxdıqda, həm də hipnoz kimi təlqin üsullarını bu məlumatlara əlavə etdikdə ortaya qəti həqiqət çıxır: insan ömrü boyu bədəninin xaricindəki dünyada yaşadığını zənn edir. Halbuki, dünya dediyimiz hər şey qavrama mərkəzlərimizə çatan siqnalların beynimiz tərəfindən şərhidir. Yəni biz beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda ola bilmərik. Xarici aləmdə nə olduğunu bilməyimiz əsla mümkün deyil. Beyinə ötürülən siqnalların mənbəyinin, orijinalının nə olduğunu da bilmirik. Bu gün bu mövzu ən əsas elmi kitablarda yer alan və məktəbdə yuxarı siniflərdən etibarən insanlara öyrədilən açıq həqiqətdir. Problem ondadır ki, insanlar bu həqiqət üzərində düşünmürlər.