Canlanan atomlar


Bura qədər maddənin necə yoxdan var olmasından və onu əmələ gətirən atomlardan danışdıq. Və dedik ki, canlı-cansız nə varsa hamısı atomlardan ibarətdir. Atomlar özləri cansız varlıq olduqları üçün canlıları meydana gətirmələri son dərəcə heyrətamizdir. Təkamül təlimini qəbul edən alimlər bunu izah etməkdə həmişə aciz qalırlar. Bir araya gələn daş parçalarının canlı varlıq əmələ gətirmələri absurd olduğu kimi, cansız atomların birləşərək, öz-özünə canlı varlıqlar yaratmaları da imkansızdır. Bir daş parçasını və kəpənəyi gözünüz önündə canlandırın. Biri cansızdır, digəri canlı. Amma quruluşuna, təməlinə baxanda hər ikisi atom adlanan eyni zərrəciklərdən yaranıb.

Cansız maddənin öz-özünə canlıya dönməyəcəyi ilə bağlı belə bir misal da çəkmək olar. Alüminium uça bilərmi? Təbii ki, xeyr. Bəs alüminiumu plastik maddə və benzinlə qarışdırsaq necə, uçarmı? Yenə də yox. Ancaq əgər bu maddələrdən bir təyyarə düzəltsək, o zaman uça bilər. Bəs həmin təyyarənin uçması nəyin sayəsində mümkün oldu? Qanadlarınmı? Mühərrikinmi? Pilotunmu? Xeyr, çünki onların heç biri özbaşına uça bilməzlər. Təyyarə uçmaq qabiliyyəti olmayan ayrı-ayrı hissələrin müəyyən plan və layihə ilə xüsusi formada birləşdirilməsinin nəticəsində uçur! Uçmaq qabiliyyəti nə alüminiumdan, nə plastikdən, nə də benzindən gəlir. Düzdür, bu maddələrin xüsusiyyətləri vacibdir, ancaq məhz uçmaq qabiliyyəti onların xüsusi layihə nəticəsində bir araya gətirilməsi sayəsində qazanılır.

Canlı sistemlər də eynən bu cürdür. Canlı hüceyrəsi də cansız atomların xüsusi şəkildə bir araya gətirilməsi nəticəsində yaranır. Canlı hüceyrələrin böyümə, çoxalma və buna bənzər digər özəllikləri molekulların xüsusiyyətindən deyil, onların mükəmməl şəkildə birləşdirilməsindən irəli gəlir. Bu isə Allah`ın ölüdən dirini yaratmasından başqa bir şey deyil:

“Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah`dır. Budur Allah! Axı siz ondan nə cür üz döndərirsiniz?” (Ənam surəsi, 95)

Cansız maddə canlı varlığa ancaq üstün güc və ağıl sahibi olan Allah tərəfindən döndərilə bilər, yəni canlı ancaq yaradıla bilər. Canlı sistemlər elə kompleks quruluşa sahibdir ki, bu günün texnoloji imkanlarına baxmayaraq, hələ də necə işlədikləri tam anlaşılmayıb. Fəqət XX əsrdə sürətlə inkişaf edən elm və texnologiya bir gerçəyi aşkara çıxarıb: canlılar son dərəcə kompleks quruluşa sahibdir. XIX əsrin ortalarında təkamül təlimi ortaya atılanda ibtidai mikroskoplarla aparılan araşdırmalar hüceyrənin sadəcə bəsit bir ləkədən ibarət olduğunu göstərirdi. XX əsrin mükəmməl texnoloji vasitələri - elektron mikroskoplar isə sübut etdi ki, canlı varlıqları əmələ gətirən hüceyrələr xeyli mürəkkəb, kompleks orqanizmdirlər və ancaq mükəmməl layihə əsasında yaradıla bilər. Ən əsası, bu araşdırmalar cansız maddələrin qətiyyən öz-özünə canlı varlıq yarada bilməyəcəyini ortaya qoydu. Canlı ancaq canlıdan yarana bilər. Bu, təcrübə yolu ilə də isbatlanıb.39 Təkamül təlimini qəbul edənlərin bu sualların qarşısında təslim olmaqdan başqa yolları yoxdur. Buna görə, həmin dəstədən olan məşhur alimlər elmi fikir bildirmək əvəzinə boş-boş nağıllarla gözdən pərdə asmağa çalışırlar. Məsələn, maddənin özünün şüuru, qabiliyyəti və iradəsi olması haqda qeyri-elmi və qeyri-ciddi iddialar irəli sürürlər. Əslində isə, bu yalanlara heç özləri də inanmır və cavab verilməsi gərəkən elmi sualların qarşısında aciz qaldıqlarını etiraf edirlər:

“Həyat yaranmamışdan öncə Yer kürəsi boş və kimsəsiz idi. İndi isə Yerdə həyat qaynaşır. Bu, necə oldu? Karbon əsasında yaranan üzvi molekullar necə canlandılar? İlk canlı orqanizmlər necə yarandılar? Həyat necə təkamül keçdi ki, müasir insanlar kimi mürəkkəb və mükəmməl canlılar meydana çıxdı?”40

“Təkamül nəzəriyyəsinin çözə bilmədiyi çox ciddi məsələlər var: maddə haradan yarandı? Kainat və dünya indiki formasını necə qazandı? Cansız maddə öz-özünə kompleks canlı molekullara necə çevrildi?”41

Sitatları gətirilən təkamülçü alimlərin də etiraf etdikləri kimi, təkamül nəzəriyyəsinin əsas və yeganə məqsədi canlıların Allah tərəfindən yaradıldığını danmaqdır. Ancaq kainatın hər nöqtəsində yaradılış gerçəyi son dərəcə açıq şəkildə göründüyünə və onun hər detalı qətiyyən təsadüf nəticəsində yarana bilməyəcək qədər mükəmməl olduğuna baxmayaraq, təkamülçülər boş-boş iddialardan başqa ortaya heç nə qoya bilmirlər.

“Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız”. (Bəqərə surəsi, 28)

Günümüzün ən çılğın təkamülçü alimlərindən biri olan Riçard Dokinz (Richard Dawkins) isə bu sözləri ilə məqsədsiz təsadüflərin nəyisə yarada biləcəyinin mümkünsüzlüyünü və bu mümkünsüzlüyə qarşı yeganə alternativin təbiətdən üstün bir qüvvə olduğunu etiraf edib:

“Bir şeyin yaradılışının mürəkkəbliyi və kompleksliyi ortaya çıxdıqca, onun təsadüf nəticəsində yaranmasına inam da azalır. Və əgər təsadüf yoxdursa, onun yeganə alternativi ağıllı bir Yaradanın varlığıdır”.42

Amma təkamülçü alimlər bu gerçəyi qəbul etməkdənsə, cansız maddənin öz-özünü cana gətirdiyini deməklə gülünc vəziyyətə düşürlər. Atomların özbaşına birləşib canlı varlıq yaratmaları haqda bütün fikirlərin təbii ki, heç bir elmi əsası yoxdur və ola da bilməz.

Bu nağılların nə qədər mənasız olduğunu əyani şəkildə göstərmək üçün bir misal çəkək. Təkamülçülər canlı aləmin yarandığını belə izah edirlər:

Böyük partlayışdan sonra necə oldusa atomlar yarandılar. Özü də çox incə hesabla, çox həssas tarazlıqla... Sonra onların bir qismi fəzadakı ulduzları, qalaktikaları, bir qismi də Yeri əmələ gətirdi. Yeri əmələ gətirən atomların bir qismi daşı, torpağı formalaşdırarkən, birdən-birə canlı varlıq yaratmağa qərar verdilər. Öncə onlar son dərəcə kompleks quruluşu olan hüceyrələri əmələ gətirdilər, sonra da onları ikiyə bölərək çoxaltdılar. Lap axırda isə eşitməyə, danışmağa başladılar. Vaxt gəldi, bu atomlar universitet professoruna dönərək, öz-özlərini mikroskop altında araşdırıb təsadüf nəticəsində yarandıqlarını iddia etdilər. Atomların bəziləri körpülər, göydələnlər inşa edən mühəndisləri, bəziləri təyyarələri, süni peykləri əmələ gətirən konstruktorları formalaşdırdı, bir hissəsi də kimya və fizika üzrə ixtisaslaşdı. Karbon, maqnezium, fosfor, dəmir və s. kimi atomlar isə bir araya gələrək fövqəladə və hələ də tam kəşf edilməmiş bir orqanı - beyini formalaşdırdı. Bu beyinlər hətta müasir texnika üçün əlçatmaz olan xüsusiyyətlərə, üç ölçülü görmə qabiliyyətinə sahib oldu. Atomların bir hissəsi aktyorları, bir hissəsi bəstəkarları və digər hissəsi də sənətçiləri yaratdılar.

Bu misalları bir az da uzatmaq olar, amma belə bir şeyin heç vaxt baş tutmayacağını daha aşkar göstərmək üçün xüsusi təcrübə keçirək: canlı orqanizmi yaratmaq üçün lazım olan bütün maddələrin atomlarını bir fincanın içinə yığaq. Təkamülçülər bu atomların birləşərək canlı maddələr yaratması üçün nəyi vacib sayırlarsa, onları da əlavə edək. Lap 100 il, 1000 il, 1000 000 il də keçsə, günlərin birində bu fincandan professor çıxa bilərmi? Əlbəttə, yox! Oradan nəinki professor, ümumiyyətlə, heç bir canlı varlıq çıxmaz. Nəinki quş, balıq, kəpənək, alma, fil, gül, ağac, qarışqa, çiyələk, portağal, heç bir milçək belə çıxmaz. Çünki cansız maddələrin milyonu da bir araya gəlsə, canlı yarada bilməz.

Maddəyə ancaq Allahın üstün yaratmasıyla həyat verilir. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə tamamilə ağla zidddir. Yuxarıdakı nümunədə olduğu kimi təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az düşünmək, bu gerçəyi açıq-aydın göstərir.