UŞAĞIN CİNSİYYƏTİ


Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin bətnə tökülən nütfədən asılı olması bildirilmişdir:

"Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən" (Nəcm surəsi, 45-46).

"Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan (ələq) oldu və (Allah) onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı". (Qiyamət surəsi, 37-39)

Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmadığı ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.



İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.

Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qa-dın müəyyən edir, yəni körpənin qız, yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.

Halbuki, Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.