PALEONTOLOJİ YALAN
Elmin təkamül nəzəriyyəsi ucbatından boş yerə itirdiyi zamanın başqa nümunəsi bu nəzəriyyənin düzgünlüyünü sübut etmək üçün dalana salınmış paleontologiyadır. Əlbəttə, Yer üzündə həyat tarixini bilmək üçün paleontoloji tədqiqatlar aparmaq lazımdır. Ancaq təkamül nəzəriyyəsinin yanlış bünövrəsi paleontoloji tədqiqatlara mənfi təsir göstərərək alimləri səhv yola istiqamətləndirir. "İnsanın mənşəyi" məsələsini öyrənən paleontologiya xüsusilə dərin dalana düşüb. Fantastik yarı insan-yarı meymun qalıqlarının axtarışı ilə bağlı olan bütün tədqiqatlar boşuna getdi.
Bu cəhəti xüsusi şəkildə qeyd etmək lazımdır ki, paleontoloji tədqiqatlar böyük vəsaitlər sərf etməklə çox çətin şəraitdə aparılır. Afrika dağlarının vadisi kimi çətinliklə keçilə bilən yerlərdə onlarla insandan ibarət tədqiqatçı qruplarının aylarla yaşaya biləcəyi xüsusi düşərgələrin qurulması, çətin şəraitdə, qızmar günəş altında xeyli pul sərf etməklə aparılan işlər son bir əsr yarım ərzində heç bir nəticə vermədi. Görkəmli təkamülçü paleontoloq Riçard Liki və məşhur ədəbiyyatçı alim Rocer Levin bəhrəsiz səylərə dair belə etiraflar söyləyirlər:
"Təəssüf ki, insanın təkamül yolu bizə bu qədər az, bu cür zəif bələdçi ip ucu verir: daş alətləri, kəllə sümüyü fraqmentləri, baldır sümüyünün hissəsi, çənə sümüyünün yarısı, nadir halda bütöv kəllə və təbii ki, xeyli diş... Bizim ulu əcdadlarımızın yaşadığı o dövrdə qalın torpaq qatı altından tapa bildiklərimiz yalnız bunlardır. Əgər kimsə bir milyon ildən beş milyon il bundan əvvələ qədər yaşamış əcdadlarımızın qazıntı halında tapılan qalıqlarını bir otağa yığmaq istəsə, bütün bu eksponatlar üçün yalnız bir iri masa kifayətdir. Altı milyon ildən on beş milyon il bundan əvvələ qədər yaşamış hominidlərə (insanabənzərə) aid olan paleontoloji tapıntıların işi lap bərbaddır. Onları yerləşdirmək üçün kiçik ayaqqabı qutusu belə kifayətdir".22
Bütün bunlar yalnız elmilik pərdəsi altında zaman, bilik, əmək, pul və vəsait israfıdır. Həqiqətdən uzaq iddiaları təsdiq etmək üçün minlərlə universitetlər, elmi cəmiyyət və təşkilatlar, milyonlarla alimlər, müəllimlər, tələbələr, laboratoriyalar, texniki işçilər, texniki vəsaitlər və digər saysız resurslar səfərbər edilmişdi. Ancaq bütün bunlar heç bir nəticələr vermir, yeni kəşflər isə təkamül hipotezinin yanlışlığını daha aydın təsdiqləyir. Təkamülçü alim S.C.Cons "Nature" jurnalında dərc edilən məqaləsində paleoantropologiyanın, yəni insanın mənşəyi haqqında elmin bu gün düşdüyü çıxılmaz vəziyyəti belə şərh edir:
"Paleoantropoloqlar qazıntı halında tapılmış dəlillərin azsaylı olmasından doğan əsəbiliklərini gizlətməyə çalışaraq işləyirlər. Paleoantropologiya indi yeganə elm sahəsidir ki, burada sadəcə olaraq hansısa bir fikir söyləyərək məşhurlaşmaq olar. Bu və ya digər ideyanın paleoantropologiyada bəyənilməsi isə onu deməyin tempindən, həmin fikrin nə dərəcədə gurultulu səslənməsindən asılıdır".23