MUTASİYA YALANI


Təkamül nəzəriyyəsinin elmi faydasız axtarışlara məcbur edən başqa iddiası "faydalı mutasiya" anlayışıdır.19 Neodarvinizm "təkamül mexanizmləri" qismində iki amili irəli sürür. Onlardan biri mutasiyadır. Buna görə də mutasiyaların canlı orqanizmlərə müsbət təsir göstərə bilməsini sübut etmək təkamül nəzəriyyəsi nöqteyi-nəzərindən vacibdir. Amma mutasiyalar həmişə zərərlidir və onların hansısa faydalı təsirinin olması heç vaxt heç bir yerdə müəyyənləşdirilməmişdir.

Ancaq təkamülçülər inadla süni mutasiya nümunələri yaradır və faydalı mutasiyanın nəticəsini görmək üçün on illərlə vaxt sərf edirdilər. Məsələn, "genetik informasiyanı inkişaf etdirən mutasiya" almaq ümidi ilə tez çoxalan milçəklər (drozo-fillər) üzərində saysız-hesabsız təcrübələr aparılmışdır. Nəticə isə yalnız labüd iflasdan ibarət oldu. Təkamülçü alim Maykl Pitman mutasiyalarla bağlı uzun illər ərzində aparılan nəticəsiz sınaqlar haqda bunları söyləyir:

"Çoxsaylı genetiklər tez çoxalan milçəkləri nəsildən-nəslə sonsuz sayda mutasiyalara düçar edirdilər. Nə oldu? Əllə yaradılmış təkamül baş verdimi? Təəssüf ki, yox. Genetiklərin yaratdığı çox az sayda məxluq öz həyatlarını onların bəsləndiyi kolbalardan kənarda davam etdirə bildilər. Praktiki olaraq mutasiyaya düçar olmuş bütün tez çoxalan milçəklər ya öldülər, ya anadangəlmə şikəst, ya da sonsuz oldular".20

Həyatının 50 ilini mutasiya təcrübələri ilə məşğul olmaqla itirmiş görkəmli təkamülçü Qordon Teylor belə deyir:

"Əlli il ərzində milçəklər üzərində minlərlə sınaq aparıldı, ancaq tamamilə dəqiqdir ki, hansısa növ qeydə alınmamışdır. Yeganə ferment belə alınmamışdır".21

Təkamülçülərin başqa elmi problemlərə dair iddiaları nəzərdən keçiriləndə də durum dəyişmir. Bütün elmi kəşflərə baxmayaraq, təkamülçülər "elmi təmkin" kimi ifadələrin arxasında gizlənərək darvinizmi müdafiə etməkdə davam edirlər. Onların nümayiş etdirdikləri "elmi təmkin" deyil, qeyri-elmi inadkarlıqdır.